Son onilliklər ərzində Azərbaycanda atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində dəyişikliklər baş verib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verilib.

Onun sözlərinə görə, “Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” mövzusu üzrə son 3 il ərzində aparılmış tədqiqatın nəticələrinə əsasən, Böyük Qafqaqzın cənub yamacının qərb hissəsində (Şəki, Zaqatala, Balakən, Qax rayonlarında) yağıntıların ümumi miqdarı artıb. Lakin bu ərazilərdə yağıntıların sutkalıq miqdarının çox olan günlərinin sayı azalıb.

M.Həsənov əlavə edib ki, Azərbaycanın qalan ərazilərinin əksər yerlərində isə yağıntıların intensivliyi artıb. Bu isə o deməkdir ki, bəzən aylıq yağıntı miqdarı norması həmin ərazilərə 1-2 gün ərzində düşür.

Direktor müavini qeyd edib ki, Azərbaycanın yağıntılı bölgəsi olan Lənkəran vilayətində isə həm yağıntının ümumi miqdarı, həm də bol yağıntılı günlərin sayı xeyli azalıb:

“Təhlillər göstərdi ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri ilə, məsələn, konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, hava kütlələrinin müdaxiləsinin istiqaməti və s. ilə bağlıdır”.

M.Həsənov əlavə edib ki, Bakıda yağıntıların miqdarında dəyişmə az qeydə alınsa da, yağıntıların intensivliyi azalıb. Başqa sözlə, Bakıda ardıcıl müşahidə edlən yağışlı günlərin sayı, eyni zamanda, 1 gün ərzində düşən yağıntının miqdarı çoxalıb.