“Bu qətnamə qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin bir nəticəsidir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Dünən Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”ni şərh edən deputat sözügedən qətnaməni bu qurum daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdi adlandırıb:

“Hər zaman ölkəmizə qarşı ikili standartların şahidi oluruq. Burada da məqsəd ölkəmizlə Avropa Birliyi arasındakı mövcud əlaqələrin inkişafına zərbə vurmaqdır. Çünki hazırda Avropa Birliyi ilə aramızda çox konstruktiv danışıqlar gedir və ötən il ərzində də xarici qurumlarla keçirilmiş görüşlərdə yüksək uğurlar əldə olunub. Çox yaxşı əlaqələrin qurulması və gələcəkdə inkişaf etdirilməsi üçün uğurlu addımlar atılıb.

Bundan narahat olan qüvvələr var ki, mütəmadi olaraq Azərbaycan əleyhinə kampaniyalar keçirmək, əlaqələrdəki inkişafın qarşısını almaq üçün müxtəlif tədbirlər görmək istəyirlər. Ancaq istənilən halda onlar öz istəklərinə çatmayacaq. Qətnamədə göstərilən məsələlərdə çox böyük tələsikliyə imza atıblar. İnanıram ki, yaxın günlərdə bu qətnaməyə görə özləri də səhv addım atdıqlarının şahidi olacaqlar”.