Fərhad Çağtürk / AzEuroNews.com   Almaniya Gürcüstanı təhlükəsiz mənşə ölkəsi elan edib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda deyilir ki, hakim partiyaların təşəbbüsü ilə Almaniya Bundestaqı Gürcüstan, həmçinin Əlcəzair, Mərakeş və Tunisi Almaniya üçün “təhlükəsiz mənşəli ölkələr siyahısı”na (sichere Herkunftsländer) daxil edilməsi haqqında qanun qəbul etdi.
Bununla da Almaniya Federal hökuməti bu ölkələrdən qaçqın axınının azalacağına və sığınacaqdan imtina edənlərin ölkədən deportasiya prosedurunun asanlaşacağına ümid edir.

  Bu qanun gürcülər, əlcəzairlilər, mərakeşlilər və tunislilər üçün hansı nəticələr doğuracaq?

Sözügedən dörd ölkədən yalnız Gürcüstan 2017-ci ilin mart ayından etibarən Avropa İttifaqı ölkələri ilə vizasız rejimə malikdir. Alman mütəxəssisləri qeyd edirlər ki, gürcüstanlı turistlərlə yanaşı, həm də cinayətkarlar Almaniyaya sərbəst giriş imkanı əldə edə və fəaliyyətlərini aktivləşdirə biliblər.
Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, çoxlu Gürcüstan vətəndaşı vizasız rejimdən sui- istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edərək cinayət hadisələri törədirlər.

2017-ci ildə Almaniyada cinayət törətməkdə şübhəli bilinən sığınacaq axtaranların ümumi sayında gürcülərin payı 2,1% olub. Bu, çox yüksək rəqəmdir. Çünki alman hakimiyyət orqanlarına sığınacaq almaq üçün ərizə verən bütün miqrantlardan yalnız 0,7% -ni Gürcüstan vətəndaşları təşkil edir. Yəni, Gürcüstan vətəndaşları olan qaçqınlar arasında cinayətkarlar başqa ölkələrdən olanlarla müqayisədə üç dəfə çoxdur. Gürcüstan vətəndaşlarının törətdiyi cinayətlərin 75%-ni oğurluq halları təşkil edir.

Ötən ilin yazında Gürcüstanla vizasız rejimin ləğv olunmasına da real təhlükə yaranmışdı. Belə bir təhlükə qarşısında qalan Gürcüstan hökuməti “təhlükəsiz mənşə ölkəsi” kimi tanınmağa razılıq verməyə məcbur oldu.

Təhlükəsiz mənşə ölkələrindən gələn vətəndaşlar üçün qaydalar: 

Ölkənin təhlükəsiz hesab olunması onun vətəndaşını sığıncaq axtaran şəxs kimi müraciət etmək hüququndan məhrum etmir. Almaniyanın konstitusiyasına əsasən, sığınacaq hüququ fərdi hüquqdur, yəni hər bir əcnəbi müraciət edə bilər və onun müraciətinə fərdi qaydada baxılmalıdır. 

Lakin hansısa ölkənin təhlükəsiz ölkə hesab edilməsi onun vətəndaşlarının müsbət cavab ala bilmə şansını azaldır. Belə hallarda Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) sığınacaq ücün müraciət edənlər üzrə daha asan və əsaslandırılmış rədd qərarı çıxara bilir. 

Bundan əlavə, BAMF təhlükəsiz ölkələrin vətəndaşlarından sürətli və sadələşdirilmiş qaydada ərizələrə baxma hüququna malikdir. Eyni zamanda məhkəmələr BAMF-ın qərarına daha ehtiyatla yanaşırlar. Bundan başqa qərardan məhkəməyə şikayəti, müraciət edən şəxsin vətəninə qaytarılmasını məhkəmə iddia üzrə qərar qəbul etməzdən əvvəl də həyata keçirə bilər.