Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 29 il keçir.

AzEuroNews.com xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.