Britaniyanın nüfuzlu səyahət portalı olan “Lastminute.com” ekspertləri turistlərin səyahətdən maksimum razı qaldığı və özlərini rahat hiss etdikləri ölkələrin reytinqini hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Araşdırmanın nəticələrinə görə, reytinq cədvəlinə İndoneziya başçılıq edir. Turistlərin maksimum komfortuna təsir göstərən əsas amillər, əsas istirahət məkanlarının 88 kilometrlik sahil boyunca yerləşməsi, orta illik temperaturun 25 dərəcə olması, geniş yaşıllıqların olması və ümumilikdə əksər aspektlərdə əlverişli şəraitin olmasıdır.

Siyahıda ikinci yerdə Avstraliya qərarlaşıb. Ölkədə başlıca olaraq qızıl çimərlikləri turistlərin diqqətini çəkir. Əksər çimərlikləri planetin ən gözəl çimərlikləri hesab olunur. Bundan başqa, turistlərin ürəyincə olan digər amil günəşli günlərin digər ölkələrlə müqayisədə daha çox olması, həmçinin, işçilər üçün 30 günlük məzuniyyətin verilməsidir.

İlk üçlüyü soyuq İslandiya tamamlayır. Bu ölkədə işçilərə 36 günlük məzuniyyət verilir. Turistlər qütb parıltısını seyr edə, füsunkar təbiət mənzərəsindən feyziyab ola bilir.

Ardınca reytinqdə zəngin flora və faunalı tropik meşələri olan Yeni Zelandiya və Şri-Lanka gəlir. “On beşlik”də müvafiq ardıcıllıqla Kipr, Filippin, Yunanıstan, Hindistan, Mavrikiya, Kosta-Rika, Portuqaliya, Bolqarıstan, Xorvatiya və İspaniya yer alır.