Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyada məktəbə gemçək üçün yola çıxan 11 yaşlı Esranı zibil maşını vuraraq öldürüb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Hannover şəhərində qeydə alınıb. Belə ki, məktəbə gedən 11 yaşlı Esra piyada keçidindən keçən zaman qırmızı işığa məhəl qoymadan sürətlə gələn və sərt dönüş edən zibil maşınının altında qalaraq can verib.

Bir gün öncə dostları ilə ad gününü qeyd edən Esra evlərindən 150 metr kənarda yerləşən avtobus dayanacağına getmək üçün piyada keçidindən keçib. Bu zaman işıqforun qırmızı işığında keçərək qəfil sola dönən zibil maşını onu vuraraq bir neçə metr sürüyüb.

Zibil maşınının sürücüsü balaca qızcığaza kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Təcili yardımla xəstəxanaya çatdırılan 11 yaşlı Esraya həkimlər müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Evin tək qızı olan Esranı vurub öldürüb hadisə yerindən qaçqan sürücü isə, iş yerində polis tərəfindən həbs edildi.