Fərhad Çağtürk / AzEuroNews.com   Almaniya və Fransa Elysee müqaviləsinin 56-cı ildönümündə yeni bir razılaşma imzaladılar. AzEuroNews.com xəbər verir ki, razılaşma ilə iki ölkə arasındakı əməkdaşlığın inkişafı planlaşdırılır. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron, bu gün Almaniyanın Axen şəhərində baş tutan tədbirdə əməkdaşlıq müqaviləsi imzaladılar. Bildirilir ki, 22 Yanvar 1963-cü ildə dövrün Almaniya prezidenti Konrad Adenauer və Fransa prezidenti Charles De Gaullenin imzaladıqları Elysee müqaviləsindəki faktlar nəzərə alınaraq hazırlanan razılaşma mətni 28 maddədən ibarətdir.

450 kilometr ortaq sərhəddə sahib olan və keçmişdə dəfələrlə bir-birlərinə müxalif cəbhələrdə iştirak edən iki ölkənin imzaladığı yeni razılaşma ilə əlaqələri inkişaf etdirmək, 21-ci əsrdə həm özlərinin, həm də Avropanın qarşı-qarşıya gəldiyi problemləri aradan qaldırmaq başda olmaqla iqtisadiyyat, müdafiə və təhlükəsizlik siyasətləri, mədəniyyət, təhsil, araşdırma, texnologiya, süni zəka, iqlim və ekologiya sahələrində əməkdaşlığı gücləndirmək məqsəd götürülüb.

Razılaşma mətnində vurğulanır ki, Avropa İttifaqında qərarların müzakirə və qəbulunda iki ölkə ortaq fikir bəyan etsin.

Digər tərəfdən iki ölkənin müxalifət partiyaları belə bir müqavilənin imzalanına qarşı çıxıblar. Fransa müxalifəti razılaşmanın ölkəyə xəyanət olduğunu irəli sürərkən, Almaniyadakı müxalifət isə bunun yalnız niyyət mətni olduğunu vurğulayıb.