“Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”

“Ölkə.Az” ARB TV-yə istinadən xəbər verir ki, mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir.  Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır.

Nuranə Məmmədova – valideyn: “Qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. 1 dənə alıram, amma keyfiyyətli alıram”.

Teyyubə Nadirova – satıcı: “Qızlar üçün daha çox “Barbie” gəlincikləri, oğlanlar üçün maşınlar alınır. Keyfiyyətə də önəm verənlər olur, qiymətə də”.

Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.

Şəlalə Həmidova – pediatr: “Oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlər olub. Məsləhətimiz keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”.

Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

Psixoloq: “Təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır”.