Yunis Cəfərov / AzEuroNews.com /Bakı    Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən (AzTV) TIR-larla dolu uşaq oyuncağı çıxarılıb. AzEuroNews.com ötən gün baş verən bu hadisə ilə bağlı olduqca maraqlı məlumat əldə edib.

Belə ki, AzTV-nin qapalı böyük çəkliş meydançalarından birinin bağlı qapısı qırılıb. Əvvəllər köhnə texnikaların saxlanıldığı və istifadəsiz çəkliş meydançası kimi bilinən böyük zaldan iki TIR uşaq oyuncağı çıxarılıb.

Əldə etdiyimiz məlumatda deyilir ki, uşaq oyuncaqları prezident İlham Əliyev tərəfindən işdən çıxarılan AzTv-nin keşmiş sədri Arif Alışanova aid olub.

Arif Alışanov
Arif Alışanov

Alışanov uzun illərdir ki, ölkədə uşaq oyuncaqlarının satışını inhisara alıb. O, əsasən Çin, Rusiya və Türkiyədən gətizdirdiyi oyuncaqları Azərbaycanda bazarlara və ticarət mərkəzlərindəki oyuncaq satışı ilə məşğul olan böyük mağazalara paylayırmış. Keçmiş AzTV sədri Dövlət Gömrük Komitəsindəki əlaqələrindən istifadə edərək uzun illər uşaq oyuncaqlarının başqa sahibkarlar tərəfindən ölkəyə gətirilməsinə maniələr yaradaraq bu sahəni inhisarda saxlayırmış.

AF Mall Ticarət Mərkəzində keçmiş AzTV sədrinə aid olan mağazalarda ancaq uşaq oyuncaqlarının satılması da göstərir ki, cənab Alışanov bu sahədəki biznesini xeyli genişləndirib.

Qapalı çəkliş meydançasının qapısının qırılmasına gəlincə, bu AzTV sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Məmmədovun göstərişinə əsasən olub. Belə ki, hazırda AzTv-də R.Məmmədovun göstərişi ilə təkcə kadr islahatları aparılmır, eyni zamanda televiziyanın maddi-texniki bazası gözdən keçirilir.

Rövşən Məmmədov
Rövşən Məmmədov

AzTV çalışanlarıdan saytımıza verilən məlumata görə, yaxın günlərdə prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Məmmədovun AzTV-yə rəhbər gətirilməsi gözlənilir. Bu səbəbdən o, indidən təhvil-təslim işlərinə başlayıb.

A.Alışanovun AzTv-yə sədrlik etdiyi 13 ildə böyük yeyintilərə yol verməsi və bu faktların onun vəzifədən gedəndən sonra Azərbaycandakı KİV-lər vasitəsi ilə yayılması sədr əvəzi R.Məmmədovu da çox diqqətli olmağa vadar edib.

Bu səbəbədən televiziyanın siyahıda olan maddi-texniki bazasını təşkil edən nə varsa invertar nömrəsi ilə yenidən yoxlanılır, əksiklərin siyahısı çıxarılır.