“Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddialar var


 

Yunis Cəfərov / AzEuroNews.com / Bakı   Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb. AzEuroNews.com xəbər verir ki, restorana gələn vergi müfəttişləri restoranda yoxlama aparan zaman obyektin sahibi, Salyanın deputatı Əliağa Hüseynov da məkana gəlib.

Vergi müfəttişlərinə etiraz edən deputat restoranda müştərilər olan zaman yoxlama aparmaq ixtiyarlarının olmadığı ilə bağlı onlara irad tutub.

Deputat daha sonra şəriki, Türkiyə vətəndaşı Hasan Kulcuoğlunu da çağıraraq Vergilər Nazirliyinin əməkdaşları ilə birgə restoran müdriyyətinin otağına keçiblər.

Əliağa Hüseynov
Əliağa Hüseynov

Deputat və şəriki vergi müfəttişləri ilə təxminən iki saat söhbət etdikdən sonra birgə nahar ediblər.

Əldə etdiyimiz məlumatda deyilir ki, iddialara görə, “Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddiaları var. Vergi müfəttişlərinin yoxlama üçün restorana gəlməsi, bundan xəbər tutan deputat və şərikinin onlarla iki saata yaxın söhbət etməsi əslində bu iddiaların doğru olduğuna aid şübəhləri bir qədər də artırır.

Məlumat üçün qeyd edək ki, Əliağa Hüseynov “Atlantis” şadlıq sarayının açlışını 2013-cü ildə edib. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə Milli Məclisin xüsusi zərflərində dəvətnamə göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb.

2014-cü ildə deputat öz restoranında İzzət adlı oğluna təmtəraqlı toy edib.

Bu arada Əliağa Hüseynov 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olub. Daha sonra Salyana icra başçısı təyin olunan Ə.Hüseynov bu postda cəmi bir il çalışıb.

O, 2010-cu ildən Salyanın deputatıdır. Paytaxt Bakı da daxil olmaqla Salyan, Sabirabad, Şirvan, Qəbələ, İsmayıllıda restoranları var. Kür-Araz ovalığında 50-dən çox fermanın sahibidir.

Mövzu ilə bağlı  deputat Əliağa Hüseynovla əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Onu da dinləyib, mövqeyini dərc etməyə hazırıq.