Fərhad Çağtürk / AzEuroNews.com  Almaniya ordusu şəxsi heyətin yetərincə olmamasından əziyyət çəkir. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, ölkədə 2011-ci ildən məcbur hərbi xidmətə çağırış ləğv olunub. Elə həmin ildən alman ordusu şəxsi heyət sarıdan əziyyət çəkir.

Nazirliyin məlumatında qeyd olunub ki, orduda əsgər sayı 180 min olaraq limitlənib. Buna baxmayaraq Almaniya ordusuna hər il 80 min əsgər lazım olur.

Ekspertlər isə bunun 2020-ci ilə kimi çətin olacağı anonsunu verib. 760 min gənc arasından 80 min nəfər seçilməlidir.

Əsas şərtlərdən biri isə, könüllü olaraq ordu sıralarına qoşulan gənclərin Almaniya vətəndaşı olması və fiziki durumunun standartlara cavab verməsidir.

Aparılan bir araşdırmaya görə, 2020-ci ildə potensial əsgər olaraq görülən 760 min gəncin 90 mini Almaniya vətəndaşı deyil, 27 min nəfərin fiziki durumu standartlara cavab vermir, 255 min nəfər isə, ordu sıralarında qoşulmaq istəmir. Belə olan halda orduya könüllü qatılacaqlar 388 min nəfərin arasından seçiləcək.

Hazırda 25 min könüllü əsgərə ehtiyac duyulan Almaniya odusunda kompüter mühəndisləri, həkim və xilasetmə xidmətində çalışa biləcək gənclər axtarılır.