Əlövsət Əliyev / Fuad Muradov
Əlövsət Əliyev / Fuad Muradov

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Ötən gün Almaniyanın Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür  və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən “Azərbaycan sülh və ədalət istəyir!” aksiyası birmənalı qarşılanmayıb. AzEuroNews.com xəbər verir ki, üç təşkilat və bir dövlət komitəsinin dəstək verdiyi aksiyada iştirakçıların sayının az olması əsas tənqid mövzusuna çevrilib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan Almaniyada bir çox kütləvi aksiyalarının təşkilatçısı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, təkliflərinə onlar birbaşa cavab verməsələr də, gördükləri işin nəticəsi onların müraciətə cavab oldu: “Dövlət Diaspora Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfirliyinin rəhbərliyi ilə müxtəlif təşkilatlar bir araya gələrək Almaniya azərbaycanlılarının təşkilatlanması üçün Koordinasiya Şurası yaradaraq fəaliyyət planları tərtib ediblər. Təşkilatlanma adına dövlət vəsaiti xərclənib və xərclənməkdə davam edir. Həm səfirliyə, həm Xarici işlər Nazirliyinə, həm də Fuad Muradova müraciət edərək, bildirdik ki, diaspora təşkilatlarının yaranmasına müdaxilə etməsinlər, ideyalara dəstək versinlər, xaricdə yaşayanlar və diaspora fəaliyyətini arzu edənlər isə öz təşəbbüsləri ilə təşkilatlansınlar. Təklifimizə onlar birbaşa cavab verməsələr də gördükləri “işin” nəticəsi bizim müraciətə cavab oldu”.

Diaspora komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov
Diaspora komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov

Ə. Əliyev deyib ki, aksiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin ictimailəşdirilməsinə hesablanan aksiyada 21 nəfər iştirak edib: “Bu həm də o deməkdir ki, hakimiyyət Ermənistanın işğalçı siyasətinin tanıdılması aksiyasına yüz minlərlə soydaşımızın məskunlaşdığı Almaniyada cəmi 21 nəfər etirazçı cəlb edə bildi. Almaniyada hazırda belə tədbirlərin təşkili üçün Diaspora Komitəsindən bir başa maliyyə yardımı alanların sayı isə yüz nəfərdən çoxdur. Yüz nəfər pul alandan 21 nəfəri ortaya çıxırsa, deməli digərlərinə mövcud birliyin pozulması və daha acınacaqlı günə salınması üçün pul verilir. Hakimiyyət diaspora fəaliyyətində islahat aparmaq fikrində deyil, buna heç cəhd də olunmur. Xaricdə məskunlaşan soydaşlarımız, o cümlədən biz isə hələ ki hakimiyyəti buna məcbur edəcək gücdə və ağılda deyilik”.

Xatırladaq ki, ötn gün  Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür  və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan sülh və ədalət istəyir!”,  “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018 uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında aksiya keçirilib.

Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi  və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcəkdir.