“Samsung” şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasının təqdimatını etdi.

“AzEuroNews.com” “Technote”yə istinadən xəbər verir ki, bu barədə “The Verge” portalı məlumat yayıb.

Yeni smartfon seriyası alıcıları öz qiymətləri ilə cəlb edən Çin istehsalı olan telefonlarla rəqabət aparmaq üçün yaradılıb.

“Galaxy M” seryasının ilk smartfonları “Galaxy M10” ilə “Galaxy M20” oldular. Onların hər ikisi “Infinity-V” ekranı ilə təchiz ediliblər və ekranların üzərində V şəkilli çıxıntı hissə yerləşir. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəsə də onlar arasında bəzi fərqlər var.

“Galaxy M20” modelini “Galaxy M10”dan fərqləndirən əsas özəllik onun arxa panelində barmaq izi skanı texnologiyasının olmasıdır. Əsas texniki göstəricilər baxımından Galaxy M20 19.5:9 nisbətli və 2340×1080 piksel keyfiyyətli 6.3 düym TFT ekran, 8 nüvəli Exynos 7904 (2 güclü nüvə və enerji sərfiyyatı baxımından 6 effektiv nüvə), 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya (USB Type-C girişi vasitəsilə), 12 MP + 5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub.

“Galaxy M10” smartfonu isə “Galaxy M20”dən fərqli olaraq daha geniş və uzundur. O, 1520×720 piksel keyfiyyətli 6.22 düym ekran, Exynos 7870 prosessoru, 2/3 GB RAM, 16/32 GB daxili yaddaş həcmi, 3500 mAh enerji tutumlu batareya (microUSB vasitəsilə), 12 MP +5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub. Bu smartfon barmaq izi skanı tenxologiyasına sahib deyil.

Hər iki smartfon “Android 8.1 Oreo” əməliyyat sistemi vasitəsilə çalışır. Lakin hər iki smartfonun Android Pie əməliyyat sisteminə kimi yenilənməsi bu ilin ikinci hissəsinə planlaşdırılır. Beləliklə yeni təqdim olunmuş smartfonlar hələki yalnız Hindistanda satılacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib “Galaxy M10” 112 dollara, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib cihazlar isə 126 dollara, 3 GB RAM və 32 GB daxili yaddaş sahib “Galaxy M20” 153-ə, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib telefonlar isə 183 dollara satılacaq.