Bir çox valyutaların dollara nisbətən gücünü itirməsi texnologiya bazarına da təsirsiz ötüşmür. Məsələn, Türkiyədəki vəziyyət “Apple” şirkətini “Iphone” qiymətlərini aşağı salmaq qərarı verməyə məcbur edib.

Bizimyol.info xəbər verir ki, bu haqda şirkətin rəhbəri Tim Kuk danışıb. Onun sözlərinə görə, bəzi bazarlardakı makroiqtisadi şərtləri nəzərdən keçirəndə qiymət endiriminin vacib olduğunu görüblər.

Türkiyə lirəsinin 33 faiz ucuzlaşması “Apple” şirkətinə böyük zərbə olub. 2018-2019 maliyyə ilinin ilk kvartalında bu ölkədəki satış həcmi 700 milyon dollar azalıb.

Rəqəmlər böyük problemlərdən xəbər verir. Hələ, üstəlik, Braziliya, Rusiya və Hindistan bazarlarında da şirkətin vəziyyəti ağırlaşıb. Buna görə Azərbaycanda da “Iphone” qiymətlərinin aşağı düşməsini gözləməyə dəyər.

İndi adını çəkdiyimiz bazarlarda bu telefonun son modellərinin qiyməti 1000 dolları aşır. Devalvasiyalar yerli əhalinin alıcılıq qabiliyyətini xeyli aşağı salıb. Həmin ölkələrdə 1000 dollar civarında olan telefonlardan böyük satış gözləmək olmaz.

ABŞ-da ən bahalı “Iphone” modeli olan “iPhone XS” 999 dollara satılır. “iPhone XR” 749 dollaradır.