KİVDF 9 qəzetə pul ayıracağını elan edib

Azərbaycanda fəaliyyət göstərən əksər qəzetlərə maliyyə yardımı dayandırılır. Bu qərar Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilən iclasında alınıb.

Maliyyə yardımı dayandırılacaq qəzetlər bunlardır:

“Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.

KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Ekspress” qəzeti çap fəaliyyətini dayandırıb.

Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, hazırda bütün dünyada internet media resursları sürətlə inkişaf edir və nəticədə çap mediası obyektiv səbəblərdən problemlə üzləşir. Bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklər edilməsinə ehtiyac var.

Dəyişikliyə gəlincə, Səfərli bildirib ki, fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Həmçinin xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq yekdilliklə qəbul edilib.

“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli yeni şərtlərin sərt olduğunu və bazara uyğun olmadığını düşünür.

Afiq Mirzəbəylinin Meydan TV-yə deyib ki, ölkədə əksər qəzetlər bu şərtlərə cavab vermir, ona görə qərarı müsbət saymır və bu, qəzetlərə ciddi problem yaradacaq:

“Maliyyə ayırmırlarsa, ayırmasınlar. Uzağı qəzetin fəaliyyətini dayandırıb onlayn media şəklində işimizə davam edəcəyik. Bizim üçün hər hansı problem yoxdur. Onsuz da hamı qəzet bazarında vəziyyətin necə olduğunu bilir. Ancaq biz onlayn fəaliyyətimizi gücləndirəcəyik, fondun layihələrində də iştirak etmək niyyətimiz var”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə bildirib ki, o, kollektivin işsiz qalmaması üçün çıxış yolu axtarır:

“Qərara münasibətimə gəldikdə, qiymət vermək istəmirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu barədə danışmaq istəmədiyini söyləyib.