Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyada artıq şəxsi məlumatlarını gizlədən sığınacaq axtaran şəxslərə qarşı dözümlü yanaşma təcrübəsinə son qoyulacaq. “Leqat” inteqraiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, Almaniya Federal Daxili İşlər Nazirliyinin yeni qanun layihəsində sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş möhlət hüququnun (Duldunq) daha da sərtləşdirməsi nəzərdə tutulur. Bu dəyişiklik baş tutarsa, 170,000 nəfərdən çox sığınacaq axtaran şəxs deportasiya oluna bilər.
Qeyd edək ki, deportasiyadan yayınmaq istəyənlərin dörddə üçü özü haqqında yanlış məlumat verənlərdir ki, onlar hələ də Almaniyada yaşamaqda davam edirlər. Bu dəyişiklik belə şəxsləri qanunsuzluqdan çəkindirməyə xidmət edir.

Möhlət hüquqi ilə yaşamaq Almaniyaya çox baha başa gəlir. Bu status ölkədən çıxarılması mümkün olmayan şəxslərə tətbiq olunur.

➤ Bəs bu möhlət niyə, hansı məqsədlə və kimə tətbiq olunur?

Qaçqın statusu uçun müraciət etmiş sığınacaq axtaran şəxslər imtina barədə xəbərdarlıq aldıqdan sonra onlara vətənlərinə qayıtmaq təklif olunur. Bir neçə ay müddətində könüllü şəkildə vətəninə qayıtmayan şəxslər artıq deportasiya edilməlidirlər. Lakin deportasiya heç də həmişə mümkün olmur. Belə şəxslər möhlət hüququ – Duldunqla Almaniyada yaşamaqda davam edirlər.
Onların vətəninə qaytarılması gözlənilən olsa da, ölkədə qaldıqları müddətdə həmin şəxslərə maliyyə dəstəyi göstərilir. Bununla bərabər onlar sosial müavinətlər, dil kursları, təhsil və ya bəzi hallarda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə ala bilirlər. Mövcud təcrübəyə əsasən möhlət hüququ verilən şəxsə 18 ay keçdikdən sonra immiqrasiya orqanları – Əcnəbilərlə İş İdarəsi tərəfindən müvəqqəti yaşamaq icazəsi verə bilər. Ümumiyyətlə, hazırda Almaniyada ölkəni tərk etməli olan 230.000 nəfərin dörddə üçü möhlət hüququ – Duldunq əsasında yaşayır. 

Horst Zeehofer / Foto © CSU
Horst Zeehofer /
Foto © CSU


Yeni layihə təqdim edən daxili işlər naziri Horst Zeehofer və rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi hesab edir ki, ölkədən çıxma öhdəliyi olan şəxslərin möhlət hüququ – Duldunqu ləğv edilməlidir. Layihədə deyilir: “Əgər kimsə öz deportunu qəsdən uzadırsa, öz şəxsiyyəti ilə bağlı səhv məlumatlar verərək dövləti aldadırsa və ya pasport əvəzinin alınması ilə bağlı qəsdən kifayət qədər yardımçı olmursa, gələcəkdə heç bir halda belələrinə möhlət hüququ verilməli deyil”.

Xatırladaq ki, bu vaxta kimi özü haqqında yalan məlumat verərək möhlətlə yaşayanlara da güzəştlər şamil olunurdu.