Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi ilə bağlı əməkdaşlıq haqqında razılığa gəliblər.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış şəkildə müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə əlaqədar startap layihəsinin reallaşdırılması nəzərdə tutulur.

Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.

Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.

Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.