Foto © Rita Ox / unsplash.com
Foto © Rita Ox / unsplash.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyadan deportasiya olunanların sayı azalmaqda davam edir. Bu barədə AzEuroNews.com-a Leqatinteqrasiya mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, deportasiya olunanların sayı 2018-ci ildə də əhəmiyyətli dərəcədə azalıb. Artıq üçüncü ildir ki, sığınacaq üçün müraciət edərək rədd cavabı alanların deportasiyası azalmaqda davam edir. Bu barədə Almaniya Federal Daxili İşlər Nazirliyi məlumat verib.
Belə ki, 2016-cı ildə 25.375, 2017-ci ildə 23.966, 2018-ci ildə isə 23,500 nəfər deportasiya edilib.

Könüllü qayıdanların da sayı azalmaqda davam edir. Belə ki,Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) məlumatına əsasən 2016-ci ildə 54.006, 2017-ci ildə 29522, 2018-ci ildə isə 15,962 nəfər könüllü olaraq vətəninə qayıdıb.

Könüllü qayıdanların sayının artırılması üçün Almaniya hökuməti davamlı olaraq həvəsləndirmə proqramları həyata keçirir. Belə ki, məhkəmə prosesinə kimi könüllü qayıdanlara 1200 avro, rədd cavabı alandan sonra ölkəni tərk etməyə qərar verənlərə isə 800 avro ödənilir.

Bildirilir ki, sığınacaqla bağlı müraciəti rədd edilmiş şəxslərin təxminən 90 faizi məhkəmə qaydasında qərardan şikayət edir. Şikayətə baxılana kimi ərizəçilərin ölkədən çıxarılmasına yol verilmir.

2016-2018-ci illərdə BAMF-a sığınacaq üçün müraciət edən 744.501 nəfərin ərizəsı üzrə rədd qərarı çıxarılıb. Onların əksəriyyətini Dublin proseduru üzrə verilmiş şikayətlər əsasında qəbul edilən qərarlar təşkil edir.

Qeyd edək ki, rədd cavabı alanlar müəyyən xəstəliklər əsasında, nikaha daxil olanda, əmək fəaliyyəti ilə məşğul olmaları və “Ausbildunq”haqqında müqavilələr təqdim etdikləri halda yaşayış üçün icazə ala bilirlər. İndi Almaniyada 18 yaşdan aşağı olan və qanuni əsaslarla yaşayan şəxslərin də ölkədən çıxarılmasının yolverilməzliyi vurğulanır.
Hazırda Almaniyaya hər ay qeyri-qanuni yolla 10 mindən çox immiqrant daxil olur. Onların əksəriyyəti sonradan qanuni əsaslarla yaşayan miqranta çevrilir.