“YouTube” komandası öz videoservisində “Dislike” (Bəyənməmək) düyməsindən imtina etmək variantını nəzərdən keçirir.

“AzEuroNews.com” Technote-yə istinadən xəbər verir ki, bu düymə vasitəsilə istifadəçilər bu və ya digər videoya öz neqativ yanaşmalarını sərgiləyə bilirlər.

Lakin, “YouTube” servisinin komandasını bir sıra videoları bilərəkdən “dislike” etməklə onların reytinqlərini aşağı salan spamçılar narahat edir.

Bu problemin bir neçə üsulla aradan qaldırılması nəzərdə tutulub. “YouTube”da layihələrin idarəetməsi üzrə direktoru Tom Lunqun sözlərinə əsasən birinci üsul ondan ibarətdir ki, kontent müəlliflərinə öz videoları üçün “Dislike” düyməsini aktivləşdirib/aktivləşdirməmək hüququnu vermək olar. Lakin bu düyməni deaktiv etməklə kontent müəllifləri müsbət reytinqləri görə bilməyəcəklər.

İkinci üsul isə ondan ibarətdir ki, “Dislike” düyməsinə kiçik sorğu funksiyası əlavə olunsun. Yəni, əgər siz hansısa videoya neqativ yanaşma bildirmək istəyirsinizsə, deməli öz yanaşmanızın səbəblərini qısa olaraq başa salmalısınız. Bu üsulla kontent müəllifləri nəyi düzgün etmədiklərini biləcəklər və bu halda işə botlar qarışa bilməyəcəklər. “YouTube” servisinin özündə isə düşünürlər ki, videoların reytinqlərini bilərəkdən aşağı salan insanlar sözügedən sorğuda iştirak etməyəcəklər.

“Dislike” düyməsinin tamamilə servisdən çıxarılması üsulu isə ən son variantdır.

“YouTube” servisi hələlik problemin həll üsullarını axtarmaqla məşğuldur. Planlamadan praktiki tətbiqə nə zaman keçid olunacağı barəsində isə heç bir məlumat yoxdur.