Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniya qaçqın və miqrantların ən çox gəldiyi Avropa ölkələri sırasındadır. AzEuroNews.com xəbər verir ki, 2015-ci ildə Almaniya ən böyük qaçqın axınına məruz qalıb. Axın sonrakı illərdə və bu günə kimi hələ də davam edir.  Almaniya ötən 4 ildə qaçqınları qəbul edib, yerləşdirilməsi, onların inteqrasiya kurslarına cəlb edilməsi ilə bağlı bir çox böyük layihələr həyata keçirib. Ötən 4 ildə Almaniya ərazisində əvvəllər məktəb binası kimi istifadə olunan qaçqın düşərgələri, çadır kampların hamısı bağlanıb.

Artıq bir neçə əyalətdə qaçqınlar üçün hər cür şəraiti olan mənzillər tikilib.

Evsizlər üçün tikilən sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Qaçqın siyasəti ilə bağlı bu qədər yenilik etməsinə baxmayaraq Almaniya bəzi problemləri hələ də həll edə bilməyib. Onların başında sığınacaq axtaran şəxslərin kimlik bilgilərini verməməsi və ya bilərəkdən səhv verməsi durur. Almaniya uzun illərdir bununla mübarizə aparır. Ancaq bu mübarizə indiyə qədər hansısa bir effekt verməyib.

Ancaq ötən gün Almaniya Daxili İşlər Nazirliyi Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəni (BAMF) yeni texnika ilə təmin edib. Həmin texnika kimlik bilgilərini verməyən qaçqın və miqranatların istifadə etdikləri mobil telefonları analiz edəcək. Xüsusi aparat mobil telefonlardakı ələqə kitabçasını, foto və video faylları analiz edərək şəxsin kimlik məlumatlarını, haradan gəldiyi ilə bağlı təxmini bir hesabat çıxaracaq.

Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge – BAMF

Federal idarə hesab edir ki, yeni texnika vasitəsi ilə kimlik bilgilərinin araşdırılması ilə bağlı illərdir davam edən problem birdəfəlik həll ediləcək.