Foto © Ernesto Eslava 
Foto © Ernesto Eslava 

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Bu gün Almaniyada məskunlaşan və həyatını yenidən qurmaq istəyən əcnəbilər arasında könüllülük fəaliyyəti ilə məşğul olanların sayı artmaqda davam edir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bir qayda olaraq Almaniyada könüllülərə bir illik əmək müqaviləsi təklif edilir və bu müddət “sosial il” kimi sənədləşdirilir. Bu növ xidmətin könüllü olaraq qəbul olunmasına baxmayaraq, orta hesabla bir könüllü iş həftədə 3 saatdan 40 saata qədər, könüllü iş üçün ödəniş isə isə ayda yalnız 300-400 avro ola bilər. Amma könüllü çalışan şəxsin həmçinin tibbi sığorta, mənzil və ərzaq təminatı, iş paltarları ilə təmin olunması da nəzərdə tutulur. Könüllü fəaliyyət bir tərəfdən pul qazanmağı çətinləşdirsə də, digər tərəfdən ailə büdcəsini formalaşdıran çox şeylərə əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaradır. Məsələn, könüllü fəaliyyət bütün növ ictimai nəqliyyat vasitələri ilə minumum qiymətə səyahət, muzeylərə, teatrlara və konsertlərə pulsuz giriş imkanı yaradır və s. 

  Proqram seçimi

Bu gün Almaniyada könüllülərin köməyinə daim ehtiyacı olan bir çox təşkilat var. Onların əksəriyyəti tez-tez xarici ölkələrdən könüllülər dəvət edirlər. Mövcud təkliflər haqqında məlumatları Federal Könüllü Xidmətinin rəsmi saytında görmək olar. Burada ölkədə fəaliyyət göstərən könüllüləri dəvət edən bütün xeyriyyə təşkilatlarının siyahısı əhatə olunub. Könüllü fəaliyyətlə məşğul olmaq istəsəniz, buradan (www.asf-ev.de) həmin təşkilatlara onlayn müraciət edə bilərsiniz. Eyni zamanda Azərbaycandan olan həmvətənlərimiz də könüllü fəaliyyət üçün müraciət edə bilərlər. Bu halda siz istədiyiniz təşkilatı seçdikdən sonra elekton qaydada təhsil, iş təcrübəsi, bacarıq və s. məlumatlarınızı əks etdirən CV göndərməlisiniz. Bundan sonra sizinlə onlayn bir müsahibə keçirilir, əgər nəticə müsbət olarsa, viza alınması üçün sənədlərin toplanmasına başlanılır.