Zamiq Şükürov/ AzEuroNews.com   İsveç hökuməti tərəfindən zəruri addımlar atılmasa İsveçdə yaxın 5 il ərzində yüksək ixtisaslı mütəxəssislərə olan tələbat ödənməyəcək. AzEuroNews.com xəbər verir ki, İsveçin Dövlət Məşğulluq İdarəsinin (Arbetsförmedlingen) heablamalarına görə 2024-cü ilədək ölkədə 100 min yüksək ixtisaslı mütəxəssis çatışmazlığı yaşanacaq.

Ali təhsilli və iş təcrübəsinə malik olan kadr çatışmazlığı ilk növbədə səhiyyə sahəsində ortaya çıxacaq. Belə ki, qurumun araşdırmalarına görə, yaxın 5 il ərzində səhiyyə sektorunda 34 min işçi çatışmazlığı gözlənilir.

Daha sonra işçi çatışmazlığı təhsil sahəsində gözlənilir. Belə ki, müəllim peşəsi üzrə 23 min, informasiya texnologiyaları üzrə isə 9 min mütəxəssis çatışmazlığı yaranacaq. Eyni sayda kadr azlığı sosial xidmətlər sahəsində də baş verəcək.

Müvafiq dövlər qurumları tərəfindən zəruri addımlar atılmayacağı təqdirdə yaxın gələcəkdə ictimai xidmət sahəsində ciddi risklər yaşana bilər.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələr yaxın gələcəkdə yüksək ixtisaslı mütəxəssis çatışmazlığı riski ilə qarşı-qarşıyadır. Bu məqsədlə Almaniya höküməti ötən ilin dekabr ayında yeni miqrasiya qanununu təsdiq edib. Həmçinin bu gün İngiltərə,Yaponiya kimi ölkələr yeni yüngülləşdirici miqrasiya proqramları üzərində çalışırlar.