Könül Hüseynova və Səbuhi Hüseynov
Könül Hüseynova və Səbuhi Hüseynov

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  “Qolunun sarğısı açılandan sonra ağrıları şiddətlənib. Buna baxmayaraq gəzməyə çalışır. Bizim üçün çox ağır günlərdir”. Bunu  AzEuroNews.com-a açıqlamasında ötən gün Azərbaycana deportasiya edilmək üçün Düssüldorf hava limanına aparılarkən yaşadığı Kassel şəhərindəki mənzildə özünə qəsd edərək damarlarını doğrayan Səbuhi Hüseynovun xanımı Könül Hüseynova söyləyib. Onun sözlərinə görə, qolundakı sarğı açıldıqdan sonra Səbuhini psixoloji problemlərlə üzləşən xəstələrin müalicəsi üçün ixtisaslaşmış xəstəxanaya köçürüblər: “Ötən gün yoldaşımı “Ludiq-Noll“ adlı xsətəxanaya köçürdülər. Bu xəstəxanada psixoloji problemlərlə üzləşən xəstələrə xüsusi müalicə prosedurları həyata keçirilir. Qolunu tərpədə bilmir, şiddətli ağrıları var”.

K.Hüseynovanın sözlərinə görə, hadisədən sonra nə Azərbaycanın Almaniyadakı səfirliyindən, nə də Almaniya Mirasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən kimsə onlarla maraqlanıb: “Hadisə necə olubsa danışmışam. Təkcə uşaqlar üçün psixoloq təklif etdilər. Başqa heç kim bizlə maraqlanmayıb“.

Məlumat üçün qeyd edək ki, ötən həftə 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə, həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıb. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb.