“Google” şirkəti 2018-ci ildə proqramlarda aşkarlanan boşluqlara görə 3,4 milyon dollar pul mükafatı ödəyib.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, ötən il təhlükəsizlik sahəsində 317, 2017-ci ildə isə 274 tədqiqatçı mükafatlandırılıb. Mükafatın ümumi məbləği 2,9 milyon dollara bərabər olub.

2018-ci ilin noyabrında “Google”, həmçinin məxfiliyin təhlükəsizliyi və mühafizəsi sahəsində tədqiqatlarla məşğul olan alimlər üçün mükafat təsis edib. Qalibləri təmsil edən universitetlərə ümumilikdə 500 min dollardan çox pul mükafatı təqdim olunub.

Məlumata görə, 2018-ci ildə ödənişin yarısından çoxu – 1,7 milyon dollar “Android” əməliyyat sistemində və “Chrome” brauzerində boşluqlar aşkarlayan tədqiqatçılara təqdim edilib.

Şirkətin əvvəlki hesabatlarına görə, mükafatın məbləği aşkarlanan səhvin risk səviyyəsindən asılı olaraq 100 dollardan 200 min dollaradək dəyişə bilər. Ötən il maksimal ödəniş 41 min dollar təşkil edib.

Qeyd edək ki, 2010-cu ildən etibarən bu istiqamətdən ödənilən məbləğ 15 milyon dollara çatıb.