ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasına görə ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bu barədə BBC məlumat yayıb.

Müvafiq sənədin imzalanması “şatdaun”un (maliyyələşmənin dayanması ilə əlaqədar federal  təşkilat və idarələrin fəaliyyətini müvəqqəti dayandırması – red.) qarşısını almağa imkan verəcək. Belə bir vəziyyətdə Trampın səlahiyyətləri artacaq və onun Meksika divarının tikintisinin maliyyələşməsi üçün Konqresin “yaşıl işıq” yandırmasına ehtiyacı olmayacaq.

Artıq Trampın bu planı aparıcı demokrat siyasətçilərin hiddətinə səbəb olub. Çoxları Ağ Ev rəhbərini “ifrat dərəcədə səlahiyyətdən istifadə etməkdə” və “qanunsuz addımlar atmaqda” ittiham edir.

Qeyd edək ki, Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl seçki platformasında Meksika ilə sərhəd divarının tikintisini prioritet elan etmişdi. Bununla belə, konqresdəki demokratlar onun tikintisinin tam olaraq maliyyələşdirilməsinə hər vəchlə mane olur.