Ötən il dekabr ayının sonunda MDB ölkələrində 1365,1 min işsiz olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, öncəki ayla müqayisədə 20 min daha çoxdur.

Azərbaycan işsizlərin sayına görə MDB-də ən aşağı səviyyədə olanlar sırasındadır – 20,1 min nəfər.

İşsizlərin sayının ən az olduğu ilk üç ölkə həmçinin Belarus (12,5 min nəfər) və Moldova (18,7 min nəfər) var.

Tacikistanda işsizlərin sayı 51,8 min, Ermənistan 64,6 min, Qırğızıstanda 70,9 min, Qazaxıstanda 91,6 min, Ukraynada 341,7 min, Rusiyada isə 693,2 min nəfər təşkil edib.

Bir il ərzində Qazaxıstanda, Qırğızıstanda və az da olsa, Tacikistanda işsizlərin sayı artıb. Digər ölkələrdə say azalması baş verib. Ümumilikdə isə MDB-də işsizlik səviyyəsi 6,6% azalıb.

Ötən aya nisbətən isə ümumi işsizlik səviyyəsi Ukrayna, Tacikistan, Rusiya, Moldova və Qırğızıstandakı artım səbəbiylə 1,5% artıb.

Qeyd edək ki, 2018-ci il noyabr ayının sonunda MDB-də işsiz kimi cəmi 1,3 milyon nəfər qeydiyyatdan keçmişdi.

2018-ci ilin sonunda qeydiyyata alınmış işsizlik səviyyəsi belə olub: Belarus – 0,3%, Azərbaycan – 0,4%, Rusiya – 0,9%, Qazaxıstan – 1%, Moldova – 1,3%, Tacikistan – 2,2% , Qırğızıstan – 2,8%. Ermənistan və Ukrayna barədə məlumat yoxdur.