Simvol Foto © Fərahim İlqaroğlu
Simvol Foto © Fərahim İlqaroğlu

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın İstintaq Polisi (Bundeskriminalamt) Suriyada olan zaman öz vətəndaşlarına işgəncə verməkdə ittiham olunan iki əməkdaşı həbs edib. Hər iki şəxs vətəndaşlara işgəncə verməkdə, zor tətbiq etməkdə və iki nəfərin öldürülməsində ittiham olunurlar. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlum daxil olub. Məlumatda deyilir ki, Almaniyanın federal prokurorluğunun məlumatına görə, 56 yaşlı Anvar R. Berlində, 42 yaşlı Eyad A. isə Reynland-Pfalts (cənubi-qərb əyaləti) əyalətlərində həbs ediliblər. Onlar Fransada daha əvvəl həbs olunmuş suriyalının verdiyi ifadənin əsasında saxlanılıblar. 

Prokurorluğun məlumatına görə, Anvar R. Suriya Baş Kəşfiyyat Xidmətinin əməkdaşı olub. Dəməşqdə işlədiyi həbsxanada məhbuslara işgəncə verilməsi prosesində iştirak edib. Məlumatda daha sonra göstərilir ki, o, aparıcı müstəntiq olaraq 2011-ci ilin aprel ayının sonundan 2012-ci ilin sentyabr ayınınadək hökumət əleyhinə fəaliyyət göstərən fəallara sistemli və qəddar işgəncələr verilməsində iştirak edib. 

Prokurorluğun məlumatına görə, Eyad A. yüzlərlə fəalın tutulması və həbs olunmasında aktiv iştirak edib. 2011-ci ilin iyul ayından 2012-ci ilin yanvar ayının ortalarına qədər isə Eyad A. iki nəfərin işgəncələrlə öldürülməsində, ən azı 2 min siyası fəala işgəncə verilməsində və fiziki zorakılıq tətbiq olunmasında iştirak edib. 

Anvar R. və Eyad A. 2012-ci ildə Suriyanı tərk ediblər. Ənvər R. 2014-cü ilin, Eyad A. isə 2018-ci ilin ortalarından etibarən Almaniyaya gəliblər. Hər iki şəxs Alman hökümətinə sığınacaq almaq üçün müraciət edib.

Prokurorluqdan bildirilir ki, Suriya rejimi 2011-ci ilin aprel ayından etibarən ölkə daxilində hökuməti tənqid edən istənilən müxalifətçini susdurmaq, müxalifət hərəkatını dayandırmaq ücün ən qəddar, qeyri-insani və zorakı üsullardan istifadə edib.