Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın daxili işlər naziri Horst Seehofer yeni qanunlar qəbul etməklə deportasiyanı asanlaşdırmaq istəyir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, buna etiraz edən SPD (Sosial Demokratlar Partiyası)  isə mövcud qanunların daha ardıcıl surətdə yerinə yetirilməsinin vacib olduğunu qeyd edir. 

„ZEIT ONLINE“nın yaydığı məlumatda qeyd olunur ki, SPD-dən olan deputatlar Federal Daxili İşlər Naziri Horst Zeehofer deportasiyaların daha yaxşı tətbiq olunmasına dair planları tənqid edir.

“Hesab edirik ki, yeni qanun hazırlamaqdansa, mövcud qanunların daha ardıcıl həyata kecirilməsi vacibdir və biz ondan bunu gözləzirik“ deyə SPD parlament qrupunun təmsilçisi Burkhard Lischka bildirib. 

Məlumat üçün bildirək ki, daha əvvəl qaçqınlara yardım edən təşkilatlar da Zeehoferin planlarına qarşı çıxmışdılar.

Zeehofer cümə axşamı geri qaytarma haqqında hazırlanan yeni qanun layihəsini digər nazirlərə təqdim edib. Həmin təkliflərə əsasən deportasiya edilməsi nəzərdə tutulan şəxslər haqqında həmin şəxsin özünə məlumat vermək yolverilməzdir. Nazir hesab edir ki, deportasiya planı haqqında məlumatın deportasiyası nəzərdə tutulan şəxsə əvvəlcədən bildirilməsi cinayət məsuliyyəti yaradan əməl kimi qanunvericiliyə əlavə edilməlidir. Onun sözlərinə görə, deportasiyası nəzərdə tutulanın yaxınları və tərəfdaşları tərəfindən qəsdən məlumatlandırılması da yolverilməzdir. Horst Seehoferin təqdim etdiyi layihədə həmçinin “planlaşdırılan deportasiyanın tarixinin çap edilməsinin, bu məlumatların həmçinin müxtəlif qruplarda paylaşılmasının, müxtəlif nəşrlərdə çap edilməsinin, sosial şəbəkələrdə paylaşılmasının, deportasiya tətbiq olunacaq şəxsə məlumatın verilməsinin” kriminal xarakter daşıması da nəzərdə tutulub. Layihə eyni zamanda deportasiya olunacaq şəxsin gizlədilməsi, ona hansısa formada yardım edilməsi, gizlədilməsinə dəstək verilməsini də məsuliyyət yaradan hal kimi nəzərdə tutur. 

Almaniya qaydalarına görə qanun layihəsi müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Bundestaq tərəfindən qəbul edilməlidir.