Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Sığınacaq üçün müraciət edənlərin mobil telefonlarının yoxlanılması özünü doğrultmayıb. Belə ki, 2017-ci ilin mart ayında Bundestaqda sığınacaq axtaranların daha rahat deportasiyasının təşkili ilə bağlı qanun layihəsi ilk oxunuşda müzakirə olundu. Bu, layihədə həm də sığınacaq axtaranların mobil telefon məlumatlarının oxunmasının mümkünlüyü məsələsi də qəbul edildi.
Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) son il yarım ərzində sığınacaq üçün müraciət edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onların mobil telefon və planşetlərindən istifadə edib. Bu araşdırma ilə mobil telefon məlumatlarının yalnız üçdə bir hissəsini üzə çıxarmaq mümkün olub.

Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.
“Biz razı ola bilmərik ki, hüquqi dövlətdə sığınacaq axtaran şəxs, özü haqqında yalan və həqiqətə uyğun olmayan məlumat versin və bunun üçün də heç bir cəza nəzərdə tutulmasın“, – deyə qanun layihəsinə münasibət bildirən Thomas de Meyer bildirib. O, əlavə edib ki, ona görə də bu qaydalar dəyişdirilməlidir.
Telefonların yoxlanılması prosesi indi də davam edir. Belə ki, ilkin qeydiyyat zamanı özü haqqında yanlış məlumat verənlərin və şəxsiyyəti təsdiq edən sənəd verməyən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün onların mobil telefonları və kompyüterlərindən məlumatlar götürülür. Lakin götürülmüş məlumatlar dərhal araşdırılmır. İlk olaraq onlar ümumi bazada saxlanılır. Əgər qərar qəbul edən BAMF əməkdaşı əlavə məlumatlara ehtiyac duyduğunu bildirərsə, o zaman prokurora müraciət edir və onun razılığından sonra həmin məlumatların saxlanılması və araşdırılmasına başlanılır. Bu halda ərizəçinin hansı ölkələrdən keçdiyi, hansı ölkələrdən zəng etdiyi, hansı ölkələrdə fotoşəkillər çəkdiyi müəyyən edilir. Qeyd edək ki, 2018-ci ildə 11 400 nəfərin məlumatı götürülsə də, onlardan yalnız 3 300 –ü araşdırılmaqla qiymətləndirilib.
BAMF-ın məlumatına görə, götürülən məlumatlardan 33%-i araşdırılıb və müraciəti araşdırılanlardan yalnız 2 %-nin həmin məlumatlar əsasında şəxsiyyətini müəyyən etmək mümkün olub.
“Mən hesab edirəm ki, şəxsin özü haqqında yalan məlumat verməsi və ya məmuru aldatması, şəxsiyyətinin gizli saxlanılmasına cəhdi əvvəllər olduğu qədər də ciddi problem deyil”, deyə – “Yaşıllar”ın qaçqın siyasəti üzrə səlahiyyətlisi Luise Amtsberg bildirib. O hesab edir ki, mobil telefon məlumatlarından bu qaydada istifadə “qaçqınların şəxsi hüquqlarına ciddi müdaxilə” kimi qiymətləndirilməlidir. Solçulardan olan deputat Ulla Jelpke də deyilənlərlə razı olduğunu bildirib. Onun fikrincə, başlanğıcdan bu ideyanin əleyhinə olub və bu yoxlamaların effektsiz olması özünü rəqəmlərlə təsdiqləyir.