“Yas məclislərində Quran oxunmasına, məclis idarə olunmasına görə din xadimlərinin yas sahibindən konkret məbləğ tələb etməsi düzgün deyil”.

Bu barədə Modern.az-a ilahiyyatçı Hacı Şahin Həsənli danışıb. O qeyd edib ki, yas mərasimlərdə dini ayinlərin icra edilməsi ilə sırf səlahiyyətli şəxslər məşğul olmalıdır:

“Qafqaz müsəlmanları idarəsində bununla bağlı müvafiq addımlar atılır, dini ayinlərin icrası üçün səlahiyyətlilərin təyin olunması üçün attestasiya keçirilir. Sənəd alan ruhanilər dini ayinlərin icrası ilə məşğul ola bilərlər. İnsanlar mollaları yas məclislərinə dəvət edərkən onların bu cür səlahiyyətinin olub-olmamasını araşdırmalıdırlar. Dini biliklərə düzgün şəkildə yiyələnməmiş şəxsləri yas məclislərinə, dini məclislərə dəvət etmək mümkün deyil.

Pulun alınması məsələsinə gəlincə, vacib hökmlər, məsələn, yas mərasimlərində meyitin qüsl edilməsi, kəfən olunması və dəfni proseslərinə görə din xadimləri məbləğ ala bilməzlər. Çünki bunlar dinin buyurduğu vacib hökmlərdir, ölən şəxsin yaxınları əziyyət çəkməməlidir. Əlavə olaraq, kommunal xərclərə, istifadə olunan vasitələrə görə hansısa xərc alınır.

Məclis aparıldıqda, Quran oxunduqda, kimsə bu prosesi həyata keçirən din xadiminə maddi hörmət edirsə, din bunu qadağan etmir. Belə məqamlarda yas sahibindən konkret məbləğ tələb etmək düzgün deyil. Din xadimini dəvət edən şəxslər özləri gücü çatan məbləği mollalara verə bilərlər. Yenə qeyd edirəm, din xadiminin konkret hansısa məbləği tələb etməsini düzgün hesab etmirəm”.