Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, cənab Fuad Muradova, surəti isə Xarici işlər naziri, cənab Elmar Məmmədyarova , Daxili işlər naziri cənab Ramil Usubova və Ədliyyə naziri cənab Fikrət Məmmədova olan müraciəti diqqətinizə çatdırırıq

Hörmətli Fuad bəy!
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.
Əməkdaşlıq istiqamətlərinə xaricdə yaşayan azərbaycanlıların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə “ASAN Radio” və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinin əlaqələndirilməsi daxildir.

Mərasimdə çıxış edərkən ( Trend Informasiya agentliyi) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri kimi siz bildirmisiniz ki, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər.

Biz də xaricdə məskunlaşan soydaşlarımızın maarifləndirilməsini zəruri hesab edir və bu baxımından tədbiri müsbət dəyərləndiririk. Hesab edirik ki, bu, xaricdə sənədsiz yaşayan minlərlə həmvətənimizin (bəzi hallarda soydaşımızın) sənədləşdirilməsində təkan rolunu oynaya biləcək. Lakin xaricdə yaşayan şəxslərə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin “ASAN Xidmət” tərəfindən verilməsini mövcud qanunvericiliyin tələbləri baxımından mümkünsüz, vətəndaşların mənafeyi baxımından isə əhəmiyyətsiz hesab edirik. Eyni zamanda vəzifəsi xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin etmək olan publik hüquqi şəxsin Azərbaycanda fəaliyyət göstərən “ASAN Xidmət”in tabeliyində olan radiodan faydalanması ideyası şübhəli olduğu qədər həm də uğursuz seçim kimi görünür. Avropada heç bir siyasi cəbhəyə və ya qrupa aid olmayan kifayət qədər tanınmış, xaricdə məskunlaşan həmvətənlərimizin izlədiyi və ya önəm verdiyi KİV mövcuddur və onlarla əməkdaşlıq daha effektli ola bilərdi. Bu əməkdaşlıq həm də həmin KİV-in tanınmasına, reklamına və inkişafına dəstək olardı. “ASAN Xidmət”in mövcud resurslarından istifadənin layihənin bu hissəsində, yəni maarifləndiməyə aid hissədə uğur qazanacağına ümid vermir.

Xaricdə yaşayan həmvətənlərimizə “ASAN Xidmət”in xətti ilə şəxsiyyət vəsiqələrinin verilməsi də maliyyə baxımından uğurlu seçim deyil və qanunvericilik hazırda buna imkan vermir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Yalnız xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Təəssüf ki, Azərbaycan Respublikasının heç bir ölkə ilə, o cümlədən, Türkiyə Respublikası ilə belə bir müqaviləsi yoxdur. Yəni, şəxsiyyət vəsiqəsi Türkiyədə şəxsiyyəti təsdiq edən sənəd hesab edilmir. Bu halda xaricdə tanınmayan sənədin vətəndaşa verilməsinin əhəmiyyəti nədən ibarət ola bilər?

İkincisi, həmin qanunun tətbiqi barədə Əsasnamənin 2-ci maddəsinə görə, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi zamanı vətəndaşdan həm də onun doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Sənədsiz şəxslərin əksəriyyətində həmin sənədlər də yoxdur. Bu sənədlərin də hər ikisi mövcud qanunvericiliyin tələblərinə əsasən, xaricdə yaşayan həmvətənlərimizə konsulluqlar tərəfindən verilməlidir. Bundan başqa, şəxsiyyət vəsiqəsi şəxsi yaşayış yerinə – yaşadığı ünvana qeydiyyata alınmaqla verilməlidir. Xaricdə yaşayan həmvətənlərimiz isə yalnız səfirliyin inzibati binasına qeydiyyata alına bilər. Bunun da konsulluqlar tərəfindən həyata keçirilməsi daha yaxşı olar. Yəni, yenə də qanunvericilik və yollar problemin həlli üsullarını səfirliklərə və ya konsulluqlara aparır.

Üçüncüsü, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 1.2. bəndinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Həmin Qaydanın 1.4. bəndinə görə, konsulluq idarəsi doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələri verir. Bundan başqa fərdi identifikasiya nömrələri də konsulluqlar tərəfindən verilməlidir.

Dördüncüsü, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir (Maddə 3, Pasportlar haqqında qanun). Yəni, xaricdə olanlara şəxsiyyət vəsiqəsi verilsə də, sonra onlara pasport verilməlidir.
“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 3.16. bəndinə görə, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Beçincisi, xaricdə olanlara “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələrinin verilməsi mümkün olsa da, həmin şəxslərin əksəriyyətinə pasportların verilməsi mümkün olmayacaq. Çünki Türkiyədə olan sənədsizlərin əksəriyyətini hərbi xidmət yaşına çatmış kişi cinsindən olan şəxslər təşkil edir. Şəxsiyyət vəsiqəsi verildiyi zaman onlardan hərbi qeydiyyat tələb olunacaq. Hətta onlara şəxsiyyət vəsiqəsi verildikdən sonra həmin şəxslərə pasportlar verilməyəcək. Çünki “Pasportlar haqqında “ Qanunun 9-cu maddəsinə görə, vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə istinad edən konsullar 18 yaşı tamam olmuş kişilərə pasportları verməkdən imtina edirlər. Həmin məcəllənin 9.3.5. maddəsinə görə, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Altıncısı, Azərbaycan Respublikasının qanunları konsulluqlara kifayət qədər geniş vəzifələr verib və həmin vəzifələrin icrası üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Belə ki, Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməsinın III bölməsinin müəyyən etdiyi tələblərə görə, konsulluq adıçəkilən əsasnamə ilə müəyyən edilmiş fəaliyyət göstərdiyi ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir, Azərbaycan Respublikası vətəndaşlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərir, Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır, itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görür, ərazidə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə kömək göstərir, notariat əməliyyatlarını, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq məsələləri, sənədlərin leqallaşdırılması və digər arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə və övladlığa götürülməklə bağlı tədbirləri qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə yerinə yetirir, pasport verir və onlara xüsusi qeydlər edir, şəxsiyyəti təsdiq edən sənədi olmayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəyyənləşdirir və onlara müvafiq sənədlər, qayıdış şəhadətnaməsi verir. Bu vəzifələrin əksəriyyəti konsullar tərəfindən icra edilmir. Sadəcə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi kimi dövlət orqanları bu problemlərin həllində maraqlı deyil.

Yeddincisi, xaricdə yaşayanlara səyyar xidmətin göstərilməsi yolverilməzdir, özünü doğrultmur və arzuolunan deyil. Bidiyiniz kimi, uzun illərdir Daxili İşlər Nazirliyinin Baş Pasport Miqrasiya və Qeydiyyat İdarəsinin əməkdaşları ildə bir dəfə müxtəlif ölkələrə səfər etməklə həmvətənlərimizə pasport verilməsi üçün sənədləri qəbul edirlər. Lakin “səyyar xidmətlər” effekt vermir, problemin həllində yardımçı olmur. Səyyar xidmət vəziyyətin və ya problemlərin öyrənilməsi üçün ola bilər, illərlə qalaqlanmış problemlərin həllində heç bir rol oynaya bilməz.
Qapımıza gəlməyin, sadəcə səfirliyin qapılarını açın! Vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin maneəsiz veriləcəyi haqqında hər kəsi məlumatlandırın!

Qeyd olunanları nəzərə alaraq aşağıdakıları təklif edirik:
1. Xaricdə yaşayan həmvətənlərimizin sənədləşməsinə birbaşa qanunla səlahiyyət verilmiş orqanların – Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin iştirakı ilə bir daha yenidən baxılsın, “Pasportlar haqqında” Qanunda dəyişiklik edilsin, xaricdə yaşayan vətəndaşlara pasportların verilməsi proseduru sadələşdirilsin.
2. Xarici İşlər Nazirliyi Konsulluqların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdlırılmasını təmin etsin.
3. Diasporla İş üzrə Dövlət Komitəsinə xaricdə yaşayan soydaylarımızın məlumatlandırılması üçün xaricdə müstəqil fəaliyyət göstərən və kifayət qədər populyar olan xəbər mediasından (məsələn Meydan TV, Azad söz, Turan TV, 
AzEuroNews,Azerfreddom və s.) istifadə olunsun. Çünki yeni saytın yaradılması və reklamına kifayət qədər xərc tələb olunur.
4. Xaricə səfər etmək istəyənlərin məlumatlandırılması üçün ölkədə “ASAN Radio”dan istifadə daha effektli ola bilər.

Əlövsət Əliyev, hüquqşünas Almaniya, Düsseldorf
Əlövsət Əliyev, hüquqşünas
Almaniya, Düsseldorf