Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ “Son zamanlar Azərbaycanda diaspor siyasətinin həyata keçirilməsində müşahidə olunan müsbət tendensiyalar, çevik diaspor hərəkatının formalaşdırılması keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla yanaşı daha intensiv xarakter alıb.

Xaricdə yaşayan soydaşlarımız və onların yaratdığı diaspor təşkilatlarının, birgə fəaliyyət məqsədilə, Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Finlandiya və s. ölkələrdə Koordinasiya Şuraları təsis etməsi, xarici ölkələrdə keçirilən tədbirlərin kütləviliyi, Ukraynada Azərbaycan diasporunun birləşməsi bunu bir daha təsdiq edir.  

Həyata keçirilən tədbirlər haqlı olaraq xaricdə yaşayan soydaşlarımız arasında müsbət ab-hava yaradıb. Bunun nəticəsi olaraq ümummilli məsələlərin həllində soydaşlarımızın mütəşəkkillik nümayiş etdirərək, istər Xocalı soyqırımında iştirak etmiş erməni terrorçusuna Gürcüstanda qoyulan abidəyə etiraz olaraq keçirdyi izdihamlı mitinq, istərsə də fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində (Lüksemburq meydanı) dünyanın müxtəlif ölkələrindən yüzlərlə soydaşımızın iştirakı ilə Ümumavropa Qarabağ mitinqinin təşkili birliyin real nəticələridir. 

Əlbəttə, görülən işlər nəticəsində Azərbaycan diasporunun güclənməsi  erməniləri və ermənipərəst qüvvələri narahat etməyə bilməzdi. Dünya azərbaycanlıları tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropanın siyasi mərkəzində möhtəşəm bir mitinqin keçiriləcəyinə çox az zaman qaldığı bir vaxtda bəzi mətbuat orqanlarında, sosial şəbəkə ünvanlarında gündəmi dəyişməyə, fikirləri yayındırmağa, soydaşlarımızın vətənpərvərli¬yinə kölgə salmağa yönəlik saxta, yalançı informasiyaların tirajlanması bu narahatlığın təzahürüdür”. 

AzEuroNews.com xəbər verir ki, bu barədə Avropadakı azərbaycanlı diaspor təşkilatlarının yaydığı birgə bəyanatda bildirilir.

“Belə ki, son günlər sosial şəbəkələrdə, xüsusilə saxta profillər vasitəsilə əsassız və həqiqəti əks etdirməyən yalan məlumatlar yayılmasının ermənilər və ermənipərəst  qüvvələr tərəfindən bilərəkdən təşkil edilməsi şübhə doğurmur. Təəssüflə qeyd edirik ki, ermənilərə və ermənipərəst dairərlərin məkrli niyyətlərinə xidmət edən bu fəaliyyət bəzi hallarda sapı özümüzdən olan baltalar tərəfindən də dəstəklənir. Nəinki soydaşlarımızın, hətta beynəlxalq hüquqa hörmətlə yanaşan hər kəsin diqqətinin Brüsseldə, Avropa parlamentinin pəncərələrindən “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələb edəcək mitinqdə olduğu bir vaxtda sosial şəbəkələrdə və bəzi saytlarda yalan, qərəzli informasiyaların yayılması təəssüf doğurur.

Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini belə həsas məsələlərdə məsuliyyətli olmağa, ermənilərin və ermənipərəst qüvvələrin  alətinə çevrilməməyə çağırırıq. 

Əziz həmvətənlər, psixoloqların belə bir fikri var – insan olduğu yerdə deyil, düşündüyü yerdədir. Gəlin yalanlara, iftiralara, antimilli çağırışlara məhəl qoymayaq və hamımız 23 fevral tarixində Brüsseldə olaq”-deyə, bəyanatda bildirilir.