Fərhad Çağtürk / AzEuroNews.com ➤  2019-cu ilin yanvar ayında Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinə (BAMF) təxminən 17 min nəfər sığınacaq almaq üçün ərizə ilə müraciət edib. Bu, 2018-ci ilin dekabr ayı ilə müqayisədə 38% çoxdur. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, ötən ay ərzində BAMF-a müraciət edənlərin 14.500 nəfərini ilk dəfə gələnlər, 2, 5 faizini isə təkrar gələrək ərizə ilə müraciət edənlər təşkil edir. 

Beləliklə, yeni ilin ilk ayında Almaniyada sığınacaq üçün müraciət edənlər ötən ilin dekabr ayında müraciət edənlərdən 6,5 min nəfər, 2018-ci ilin noyabrında müraciət edənlərdən isə 3 min nəfər çoxdur. 

Məlumatda bildirilir ki, deportasiya edilmiş miqrantların təxminən 30% -i yenidən Almaniyaya gəlirlər. Belə ki, “Welt am Sonntag” nəşrinin Baden-Württembergdə təhlükəsizlik orqanlarında işləyən mənbədən aldığı məlumatda bildirilir ki, son vaxtlar, deportasiya edilmiş miqrantların təxminən 30% -dən 50% -ə qədəri yenidən Almaniyaya qayıdıb. 

Miqrasiya və Qaçqınlar üzrə İdarənin (BAMF) əməkdaşlarının arasında aparılan bir araşdırma göstərir ki, deportasiyadan sonra immiqrantların yalnız 5-10% -i, geri qaytarılması mümkün olmayan və Dublin sazışinə əsasən viza aldığı ölkələrə göndərilənlərin isə 30% -dən 40% -ə qədəri yenidən Almaniyaya qayıdır. 

Federal Daxili İşlər Nazirliyinin verdiyi rəqəmlər artıq “Welt am Sonntag” tərəfindən nəşr olunub. Nazirliyin nümayəndələrinin fikrincə, deportasiya olunanların çox az qismi sonradan Almaniyaya qayıdır və bu barədəki xüsusi rəqəmlər barədə söhbət etmək hələ mümkün deyil. 

Qeyd edək ki, 2018-ci ildə daha çox qaçqın Almaniyadan digər AB ölkələrinə göndərilib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Almaniya Federal Respublikası 8658 sığınacaq axtaran şəxsi həmin ölkələrə göndərib. 2017-ci ildə isə Almaniyadan 7102 nəfər AB ölkələrinə təhvil verilmişdi.