Erkin Qədirli

Uzaqdan başlayaq.

Ölkəmizin Qərbə doğru getməsinin qarşısında çeşidli çətinliklər vardır. Onları bir neçə qrupa bölmək olar: 1) coğrafi; 2) tarixi; 3) siyasi; 4) “mədəni”. “Mədəni” sözünü dırnaq içində yazmağımın məqsədi var, növbəsi çatanda izah edərəm. Sırayla gedək.

1. Coğrafi çətinliklər.

Azərbaycan Respublikası’nın coğrafi yerləşməsi onun az qala bütün çətinliklərini şərtləndirir. Ölkəmizin açıq dənizlərə təbii çıxışı yoxdur. Bu, bizi bir neçə rahat olmayan seçim qarşısında qoyur. Nəzəri olaraq üç yol ola bilər: 1) Rusiya üzərindən; 2) İran üzərindən; 3) Gürcüstan üzərindən.

Rusiya’ya təsir imkanlarımız azdır. Üstəlik, Rusiya üzərindən açıq dənizlərə (Volqa-Don kanalıyla Azov, oradan da Qara dənizlərə və Belomorkanal vasitəsilə Baltik Dənizə) çıxış ilin təxminən 6 ayı buz altında qalır. Ayrıca, Rusiya’dan asılılıq bizi Qərbdən uzaqlaşdırır. İran üzərindən açıq dənizlərə çıxışın da öz coğrafi (dağlar) və siyasi (İran’dakı rejim və onun xarici siyasəti) kimi çətinlikləri vardır. Ayrıca, İran da bizim Qərbə getməyimizi istəmir. Qalır Gürcüstan.

Ölkəmizin coğrafi yerləşməsi bizi Gürcüstan’dan çox asılı edir. Gürcüstan bizim açıq dənizlərə tək çıxışımızdır. Tək elə bu səbəbdən biz, birbaşa iqtisadi faydası olsa da, olmasa da, Gürcüstan’a pul yatırmalı, oranın nəqliyyat infrastrukturunu çalışdırmalı, iş yerləri açmalıyıq və s. Başqa sözlə – Gürcüstan’ı ayaqda saxlamalıyıq. Gürcüstan’dakı siyasi dəyişikliklərin əsas maliyyə sponsoru Azərbaycan’dır. Gürcüstan batarsa, biz də batasıyıq. Ona görə də Qərbə doğru gedən yolda öncüllüyü strateji olaraq Gürcüstan’a vermişik. Gürcüstan, başı ora-bura dəyərək Qərbə doğru gedir, bizim üçün də yol açır. Biz də Gürcüstan’ı arxadan dəstəkləyirik. Qərbə doğru gedən yolda strateji yanaşmamız “Gürcüstan’dan bir addım geridə” kimi təsvir oluna bilər.

Biz Gürcüstan’ın başı üzərindən Qərbə gedə bilməyəcəyik. Gürcüstan’ı qəbul etməyəcəklərsə, bizi də qəbul edəsi deyillər. Rusiya bunu bilir, ona görə də daha çox Gürcüstan’a təzyiq etməyə çalışır (orada bunun üçün imkanları da çoxdur). Gürcüstan’a təzyiq etməklə Azərbaycan’a da mane olur. Rusiya’nın Azərbaycan’a ən böyük və təhlükəli təzyiqi Ermənistan vasitəsilədir. Torpaqlarımızın hələ də işğal altında saxlanmasının əsas məqsədi – Azərbaycan’ın Qərb yoluyla getməsinin qarşısını almaqdır.

Coğrafi yerləşməmiz ölkəmizin içindəki inkişaf üçün də çətinliklər yaradır. Ölkəmizin əksər hissəsi yarımsəhra, ya da quru çöl iqlimli düzənlikdir. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarıyla əhatə olunmuş düzənliklərimizdə illik yağmur həcmi kənd təsərrüfatının təbii iknişafını əngəlləyir (yağmurun böyük hissəi həmin dağların və onlara bitişik yerlərin payına düşür). Abşeron yarımadasından Gəncə’yə qədər olan torpaqlarımız qurudur, münbitliyi azdır.

Bütün bunlar, başqa şərtlərlə yanaşı, kənd təsərrüfatımızın özəl sahibkarlıq hesabına inkişafını çətinləşdirir, dövlətin genişmiqyaslı müdaxiləsini tələb edir. Bu isə, öz növbəsində, iqtisadi və onlara bağlı olan siyasi azadlıqları əngəlləyə bilir. Örnəyi, Kürdəmir fermeri Lənkəran fermeri qədər azad ola bilmir. Kürdəmir’də torpaq qurudur, iqlim yağmursuzdur, əhali sıxlığı azdır. Lənkəran’dakı eyni göstəricilər bunların tam əksidir. Nəticədə, Kürdəmir fermeri dövlətdən daha çox asılı olur, onun əməyi daha çox yatırım tələb edir, məhsulun satılması üçün əlavə nəqliyyat xərclərinə ehtiyacı yaranır, məhsulun özü də bahalı olur. Yəni, bu kontekstdə ölkəmizdə siyasi və hüquqi islahatlar nəticəsində fürsət bərabərliyini bir gün yarada bilsək də , imkanlar bərabərsizliyi qalacaq, kənd təsərrüfatına dövlət hesabına böyük maliyyə yatırımları olacaq. Bu, öz növbəsində, kənd təsərrüfatında məşğul olan əhalimizin siyasi fəallığını çətinləşdirəcək, kəndlilərin mərkəzi icra hakimiyyətindən çox asılı durumda qalmasını şərtləndirəcək.

Ölkəmizin su ehtiyatlarıya bağlı problemlərin çoxu coğrafidir. Xəzər sahillində yerləşən torpaqlarımız küləklərə açıqdır. Burada buxarlanma buludlanmayla nəticələnmir. Çaylarımızın əksəriyyəti quruyandır, yalnız güclü yağışın və dağlarda qarın əriməsi nəticəsində qısamüddətli suyla dolur. Suyla dolu iki çayımız vardır – Kür və Araz. İkisinin də dar və dayaz olması ucbatından ölkəmizdə çay gəmiçiliyi inkişaf edə, çayqırağı şəhərlər böyüyə bilmədi. Çayların gəmiçilik üçün yararlı olmasının iqtisadi və siyasi inkişafa təsirini görmək istəyənlər Quzey Avropanın və ABŞ’ın inkişafında çayların roluna baxsınlar. Orta Çağlarda Quzey Avropada Hanza Birliyi (indiki Avropa Birliyinin prototipi) məhz çayqırağı şəhərlərin birliyi kimi yaranmış və inkişaf etmişdi. ABŞ’da Mississipi çayı (qollarıyla birlikdə) dünyada ən böyük iqtisadi önəmi olan çaydır. Onu hətta “Amerikanın Anası” adlandırırlar. Heç zaman donmayan, açıq dənizlərə axan, geniş və dərin çayların iqtisadi və siyasi inkişafda önəmi danılmazdır. Quzey Avropanın Güney Avropadan daha varlı və daha demokratik olmasının səbəblərindən biri də həmin çaylardır (zəngin çayqırağı şəhərlərdə yerli özünü-idarəetmə Orta Çağlarda da güclü olub, siyasi ənənəyə çevrilib).

2. Tarixi çətinliklər.

Tarix coğrafiyadan çox asılıdır. Odur ki, yuxarıda yazdıqlarımın tarixi şərtlərə də təsiri güclüdür. Örnəyi, bizim İran’la bugünkü sərhədlərimizin vaxtılə (Türkmənçay Anlaşması dönəmində) cizilməsində Araz Çayının önəmi böyükdür. Araz Çayı bizim tarixi yaddaşda və ədəbiyyatımızda ayrılıq mövzusuna çevrilmişdir.

Bizim bölgəyə tarixin çeşidli dönəmlərində (Əhəmənilərdən bu yana) sahib olmuş imperiyaların hamısı buranın coğrafiyasını nəzərə alıb. Ona görə də Güneydən gəlib buraları tutanların hamısı Böyük Qafqaz dağlarında dayanıb, Quzeydən gələnlər də – Araz Çayında. Doğudan gələnlər buralardan Qara, Aralıq, Qırmızı dənizlərə, eləcə də Fars Körfəzinə qədər gedə bilsələr də, Batıdan gələnlər Xəzər’in sahilində dayanmalı olublar. Beləliklə, tarixən elə oldu ki, bu beş dənizin (Qara, Aralıq, Qırmızı, Fars Körfəzi və Xəzər) arasında olan bölgəyə nəzarət etmək istəyənlərin hamısı, bizim ölkəni də ya tutmağa, ya da özündən asılı etməyə çalışıb. Bugün də elədir. Heç nə dəyişməyib.

3. Siyasi şərtlər.

Siyasi şərtlər, sıralamadan göründüyü kimi, həm coğrafi, həm də tarixi şərtlərdən asılıdır. Bununla belə, siyasi şərtlərin öz önəmi vardır. Bölgəmiz (Güney Qafqaz) üç dövlətdən ibarətdir – Azərbaycan, Ermənistan, Gürcüstan. Gürcüstan’ın Azərbaycan üçün önəmilə bağlı yuxarıda yazmışam. Ermənistan da strateji maraqlarımızın qarşısında duran, lakin Gürcüstan’dan fərqli olaraq, bizdən asılı olmayan, əksinə, Rusiya və İran vasitəsilə bizə təzyiq kimi ayaqda tutulan bir dövlətdir.

Azərbaycan ərazisininn əksər hissəsini Naxçıvan’dan ayıran Zəngəzur dəhlizi bugün rəsmən Ermənistan’a aid olsa da, faktiki olaraq Rusiya’nın nəzarətindədir. Rusiya oranı, başqa məqsədlərlə yanaşı, Türk ölkələrini bir-birindən ayırmaq üçün nəzarətdə saxlayır. Bir dəfə yazmışdım, burada da xatırlamağa dəyər. Ərazi mübadiləsini nəzərdə tutan “Qobl Planı”na qarşı birinci elə Rusiya çıxmışdı. Boris Yeltsin’in Heydər Əliyev’ə zəng edib “Siz orada ne edirsiniz? Türk qurşağını yaradırsınız?” deməsi, Rusiya’nın bölgəmizin xəritəsini necə oxuduğunu aydın göstərir.

Ermənistan, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Rusiya’nın aləti rolunu oynayır. Məqsəd də aydındır – Azərbaycan’ın Qərbə doğru gedən yolunu kəsmək. Burada Rusiya’nın maraqları İran’ın maraqlarıyla üst-üstə düşür. Üstəlik, Azərbaycan’ın İranla sərhədinin işğal olunmuş Zəngilan və Cəbrayıl rayonlarındakı hissəsinə dövlətimizin nəzarət edə bilməməsi Rusiya’nın da yararınadır, İran’ın da. Yaxşı ki, heç olmasa Horadiz kimi strateji yeri vaxtında işğaldan azad edə bildik.

Bölgəmizə həndəsi gözlə baxsaq, Azərbaycan’ı, Ermənistan’ı və Gürcüstan’ı iç üçbucağı kimi, Rusiya’nı, İran’ı və Türkiyə’ni də bayır üçbucağı kimi təsəvvür etmək olar. Bu haqda da bir dəfə (bir neçə il öncə) yazmışdım. Qısa tərkarlayım. Bayır üçbucağına aid olunan ölkələrin heç birisinin, iç üçbucağında yerləşən ölkələrin hamısıyla yaxşı münasibətləri yoxdur. Rusiya’nın Ermənistan’la münasibətləri yaxşıdır, Azərbaycan’la gərgindir, Gürcüstan’la pisdir. Türkiyə’nin Gürcüstan’la və Azərbaycan’la münasibətləri yaxşıdır, Ermənistan’la pisdir. İran’ın Ermənistan’la və Gürcüstan’la münsibətləri yaxşdır, Azərbaycan’la gərgindir. Bu, bölgəmizə vaxtılə sahib olmuş keçmiş imperiyaların heç birisinə bölgəmizdə təkbaşına hakim olmağa imkan verməyən neqativ bir balansdır. Onlar üçün neqativ olan, bizim üçün pozitividr. Ona görə də deyirəm ki, Rusiya, İran və Türkiyə arasında nə qədər çox ziddiyyət olarsa, bir o qədər də bizim xarici siyasət seçimlərimiz artmış olur. Bayır üçbucağına aid olunan ölkələrlə iç üçbucağında yerləşən ölkələrin ortasında Azərbaycan’ın işğal olunmuş torpaqları vardır. Bu torpaqlar bayır üçbucağına aid olunan ölkələr üçün strateji oyun kartıdır. Belə bir görüntü həndəsədə “Napoleon Teoremi”ni xatırladır, Qarabağ da sanki “Napoleon Mərkəzi”dir.

Napoleon buralara gəlmək, buralardan da Hindistan’a getmək istəyirdi. Alınmadı. Bugün biz özümüz Napoleon’un qurmaq istədiyi Avropaya doğru getmək istəyirik. Haşiyə: Avropanın birliyi işində xüsusi xidmətləri olmuş dövlət xadimlərinə Napoleon Ordeni verirlər.

(ardı olacaq)