“ASAN Xidmət” mərkəzlərinin  əhatə və  xidmət yerləri genişləndikcə digər dövlət qurumları “özləri” üçün qurduqları  “əlavə gəlir mənbələri”  ged-gedə sıradan çıxır. 
Elektron hökumət portallarının və “ASAN xidmət”  mərkəzlərinin fəaliyyəti vətəndaşlara lazım  olan sənədlərin əldə edilməsini rahatlaşdırır və əvvəllər əldə etmək istədikləri sənədləri almaq üçün verdikləri “əlavə ödənişlərdən” azad olurlar.  

Qaynarinfo-nun verdiyi xəbərə görə, əhaliyə ən çox sənəd xidmətləri göstərən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi isə əlindən çıxan əlavə gəlir yerlərini qismən bərpa etmək üçün demək olar ki, daim alternativ yollar  axtarır. 
“ASAN  Xidmət”  mərkəzlərinə qədər apostil, leqalizasiya, tərcümə, sübaylıq haqqında arayışların verilməsinə görə əhalidən qeyri-qanuni yollarla külli miqdarda vəsait əldə edirdilər.  Belə ki, sübaylıq haqqında arayışları əlavə ödəniş etməklə yalnız Bakı şəhər 1 saylı Notariat ofisindən almaq, orda tərcümə və leqalizasiya elətdirmək lazım idi. İndi isə bu işi “ASAN  Xidmət” mərkəzləri götürdüyündən, onların “əlavə  gəlir” mənbələrinə ciddi təsir göstərib. 
Bundan əlavə  “ASAN  Xidmət” mərkəzlərində “Tərcümə mərkəzləri”  fəaliyyət göstərdiyindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  “Tərcümə  şəbəkə mərkəzi” yaradıb və  bütün notariat ofislərinə tərcümə işlərini yalnız həmin şəbəkə vasitəsilə görülməsi  üçün göstəriş verilib.  Bu azmış kimi İlqar Məmmədov  bir az da qabağa gedərək  Prezident İlham Əliyevin iradəsinin əksinə gedərək, bu işlərin ” Asan Xidmət” mərkəzlərində  fəaliyyət göstərən notariat ofislərində deyil, məhz onun şəxsi “Tərcümə  şəbəkə mərkəzində” görülməsini tapşırıb. 
Bundan əlavə apostil və leqalizasiya xidmətləri üçün 10 günlük müddət təyin etmiş, “ASAN xidmət” mərkəzlərinə bu müddətdən tez sənəd verilməsi imkanı tanınmayıb. Lakin özünə xidmət edən notariat ofisində 3 gün müddətinə əlavə 300 manat ödəməklə sənədləri hazırlamaq mümkün olur.  Onda sual yaranır- bu xidməti 3 günlük müddətinə göstərmək mümkündürsə, niyə “Asan Xidmət” ofislərinə bu imkan tanınmayıb? Hansısa vətəndaş  və ya  təşkilat sənədlərini tezləşdirmək lazım olduğu təqdirdə qanuni ödəniş müqabilində bunu necə etsin? Bu xidmətin yalnız İlqar Məmmədovun şəbəkəzində mümkün olması qanunsuzluq deyilmi?
Qeyd edək ki, hazırda “ASAN Xidmət” mərkəzlərində ipə-sapa yatmayan yeganə qurum notariat ofisləridir. Bunun da əsas səbəbi bu idarəyə rəhbərlik edən İlqar Məmmədovun şəxsi biznes maraqlarıdır.