Simvol Foto © Fərahim İlqaroğlu
Simvol Foto © Fərahim İlqaroğlu

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın Degendorf şəhərində qaçqınların məskunlaşdığı müvəqqəti yaşayış məntəqəsində Afrika mənşəli mühacir qadın 12 yaşlı azərbaycanlı uşağa hücum çəkərək, heç bir səbəb olmadan onu boğmağa başlayıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, xoşbəxtlikdən yaxınlıqdan keçən digər azərbaycanlı sakinlər uşağı qadının əlindən ala biliblər. Nəticədə azərbaycanlılarla afrikalılar arasında kiçik qarşıdurma yaranıb. Hadisə yerinə polis çağırılması nəticəsində ciddi toqquşma baş verməyib. Azyaşlıya ilkin tibbi yardım göstərildikdən sonra, onun təhlükəsizliyini təmin etmək məqsədilə ana, qardaş və bacıdan ibarət ailə başqa bir şəhərə köçürülüb. Afrikalı isə, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məlumat üçün bildirək ki, Degendorfda yerləşən sözügedən 4 mərtəbəli binada 90-a yaxın azərbaycanlı ailə yaşayır. Üst mərtəbədə isə bütövlükdə afrikalılar məskunlaşıblar. Qonşu binada isə tam şəkildə yalnız afrikalılar yaşayır. Əslində eyni ölkədən olan vətəndaşların toplu şəkildə bir ərazidə məskunlaşması inteqrasiya haqqında qanunun tələblərinə tam ziddir. Elə buna görə də alman hökumətinin hansı əsaslarla belə bir addım atdığı anlaşılan deyil. Digər bir problem isə afrikalıların yaşadığı binada internetin olduğu halda azərbaycanlıların məskunlaşdığı binada onun olmamasıyla bağlıdır. Bunun da səbəbləri məchuldur. Görünür, alman hökuməti afrikalıların kütləvi təzyiq üsullarından ehtiyat edərək belə bir ayrı-seçkiliyə yol verib.