Yunis Cəfərov / AzEuroNews.com / Bakı ➤Azərbaycanının məşhur zavodlarından olan “Bakı Poladtökmə”nin məhv edilməsi planları var. AzEuroNews.com xəbər verir ki, əslində bu plan ölkə iqtisadiyyatının prioritet sektorlarından olan ağır sənayenin əsaslarının dağıdılması kimi qəbul edilməlidir. Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” elan edilib. Növbəti il – 2015-ci ildə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunub. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Həmin proqramın  yekunlaşmasına bir ildən bir qədər artıq zaman var. Proqrama əsasən ilk növbədə rəqabətqabiliyyətli ağır sənaye istehsalı genişləndirilməlidir. Dövlət Proqramında  metallurgiya sahəsində müasir tələblərə uyğun yeni istehsal güclərinin qurulması zərurəti xüsusi vurğulanır.

Belə bir vaxtda ağır sənaye zavodlarından olan “Bakı Poladtökmə”nin yerlə-bir edilməsi planları hansı məqsədə xidmət edir? Bu xain planın arxasında dayanan kimlərdir? 

Bakının Binəqədi rayonunda yerləşən həmin zavoda baş çəkmək qərarına gəldik. “Bakı Poladtökmə” bu gün çox ağır günlərini yaşayır. Qapısında qıfıl asılıb. Gözətçilər bütün suallara çiyinlərini çəkməklə reaksiya verir, zavodun fəaliyyətini niyə dayandırmasından xəbərsiz olduqlarını deyirlər. bir saata yaxın zavodun ətrafında gəzişib yaxınlıqdakı ticarət obyektlərindən belə bir müəssisəinin niyə faəlıiyyətsiz olması haqda məlumat toplamağa çalışırıq. Öyrənirik ki, “Bakı Poladtökmə” 1980-ci ilin martında Bünyad Sərdarov adına maşınqayırma zavodunun tərkibindən ayrılaraq müstəqil zavod kimi fəaliyyətə başlayıb. 

Zavodun yaxınlığındakı mağazalardan birində satıcı işləyən Tahirə xanım deyir ki, vaxtilə zavodda işləyib.

“İndi zavodun həyətində sahibsiz itlər gəzir. Həmin günlərdə zavodda 1800 nəfərə yaxın adam işləyirdi. 1800 nəfər sənə zarafat gəlməsin. 10 il camaat bu zavodda işləyib maaş alır, ailəsini dolandırırdı. Sonradan zavodun fəaliyyəti zəiflədi, maaşları verə bilmirdilər. 1992-ci ildə zavodun fəaliyyəti tamam dayandı. Bir də 1998-ci ildə o vaxt Heydər Əliyev zavodun işə başlamasına göstəriş verdi. Zavodu Zülfüqarlı qardaşları özəlləşdirdilər. İşə başlayıb camaatı dolandırmağa başladılar. 7-8 ilə zavod əməlli dirçəlmişdi, işçilər maaş alıb dolanırdı. Lakin onlardan da zavodu aldılar. İndi də deyirlər ki, Rasim Məmmədov var eee, “Stell Kompani”dən olan, bax o buranı dağıdır, guya burda hündürmərtəbəli bina tikəcək. Axı bu boyda zavodu niyə dağıdırlar? Girin zavoda baxın, görəcəksiz ki, bacardıqları qədər dağıdıblar, talayıblar. Elə dəzgahlar, elə avadanlıqlar vardı burada, hamısını sökdülər, maşın-maşın daşıyıb apardılar. Kərpiclərini də söküb satıblar. Gül kimi zavod idi. İndi xarabalığa çeviriblər. Bu kimə lazımdır axı? Burada da hündürmərtəbəli bina tikərlər? Bura mədənlərin içidir axı. Ağlı başında olan kim gəlib buradan ev alar?” –deyə yaşlı xanım sual edir.   

Zavodun ərazisində kimsə gözə dəymir, idarə binalarının şüşələri illərin toz-torpağı içində itib-batır. Sanki vaxtilə burada heç istehsal olmayıb. Öyrənirik ki, zavodun dağıdılması planlarının müəllifi kimi “Baku Stell Company”nin sahibi Rasim Məmmədovdur. Mətbuatdan da məlumdur ki, o, ölkə boyu metallurgiya sahəsini inhisara almaqla ümumilikdə bu sahənin inkişafdan saxlayır. Belə görünür ki, Rasim Məmmədov qarşısına qoyduğu məqsədə çatmaq üçün Azərbaycanının məşhur zavodlarından olan “Bakı Poladtökmə”nin məhv etmək niyyətindədir. Onun qarşısına çıxan olacaqmı?