Fərahim İlqaroğlu/AzEuroNews.com ➤ Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə  Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı törətdikləri soyqırımdan 27 il keçdi. AzEuroNews.com xəbər verir ki, Xocalı faciəsi Azərbaycanın paytaxtı Bakıda və dünyanın bir çox ölkəsində anım mərsimləri, aksiya və mitinqlərlə yad edildi. 

Avropada ən böyük mitinq Belçika Krallığının paytaxtı Brüsseldə, Lüksemburq meydanında baş tutdu. Ardınca Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eyni zamanda Anadolu türkləri ilə çeçenlər Almaniyanın paytaxtı Berlində, Bradenburq qapıları önündə mitinq keçirdilər. 

Niderlandın Haaqa şəhərində keçirilən aksiyanın ünvanı isə, Ermənistan səfirliyinin önü idi. 

Belçika və Haaqda baş tutan mitinqlərin iştirakçıları AzEuroNews.com üçün həmin mitinqləri dəyərləndirdilər.  

Əlövsət Əliyev

Əlövsət Əliyev: “Təşkilatçılar bizim tənqidlərimizi və bəzi təkliflərimizi də nəzərə almışdılar”


Almaniyadan yaşayan hüqşunas Əlövsət Əliyev Brüsseldə keçirilən Xocalı aksiyasında iştirak edənlərdəndir. Onun sözlərinə görə, 20-dən çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirildi. Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor təşkilatları iştirak edib: “İştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış etdilər. Aksiyada 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsi, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq qərarlara Ermənistan tərəfinin riayət etməsi tələb edildi. Həqiqətən də tədbir iştirakçılarının sayı kifayət qədər idi. Bəlkə də  bu,  27 ilin ən möhtəşəm tədbiri idi. Tədbirə təbii ki,  kifayət qədər xərc də çəkilmişdi. Mitinqin sonunda elan olundu ki, qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq. Təşkilatçılar bizim tənqidlərimizi və bəzi təkliflərimizi də nəzərə almışdılar”.

Ə.Əliyevin sözlərinə görə, mitinqdə bəzi qüsurlar da mövcud olub: “İlk olaraq Bakıdan 25 nəfərdən çox iştirakçı gəlmişdi, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin işçiləri də. Buna ehtiyac yox idi.  “Qara eynəklilər” özlərini mühafizəçi kimi aparır və meydanın ətrafında fırlanırdılar. Brüsseldə məsələlər küçələrdə deyil, daxildə – parlamentdə həll olunur. Bunu komitə rəhbərliyi unutmamalıdır. Bakını dünyaya dağıtmaq və dövlət büdcəsini bu cür səfərlərə istifadə etmək lazım deyil. Bu insanların yol, otel xərcləri var. Əgər doğurdan da Avropada dispora təşkilatları varsa onlar Azərbaycandan nümayəndələrin iştirakı olmadan bu tədbirləri keçirə bilərlər. Müxtəlif dillərdə bukletlər yox idi. Bu çox vacib idi. Bukletlər ətrafdakı insanlara paylanılmalı idi. 

Belçika mətbuatında o möhtəşəm mitinqdən bir kəlmə də yazılmadı. Xocalı ilə bağlı alman mətbuatı susdu. Deməli, istinad etməyə mənbə yoxdur. O da sirr deyil ki, tədbirin təşkilinə xeyli maliyyə vəsaiti xərclənib. Bunu daha effektiv şəkildə keçirmək olardı. Belə ki, tədbirə Almaniya və ya Hollandiyadan bir avtobus adam dəvət edilmişdi. Onların yerinə Niderland parlamentindən, Almaniya hökumətindən, Avropa parlamentindən deputatlar gətirmək və ya dəvət etmək olardı. Onların çıxışları daha təsirli və effektiv ola bilərdi. Özümüz deyib, özümüz eşitdik. Nə olsun ki, məkan başqa idi. Bakıda keçiriləcək tədbir haqqında  alman dilində bir yazı bundan daha effektiv və faydalı ola bilərdi. Ermənilərin bütün tədbirlərində Almaniya parlamentindən kimsə gəlib çıxış edir. Amma bizim mitinqdə nə Avropa parlamentindən, nə də ayrı-ayrı dövlətlərin hökumət üzvləri və deputatlarından çıxış edən oldu. Bu çox utanc gətirən bir şey idi. 27 ildə belə tədbirlərə bir depuatı dəvət edəb bilməmişiksə deməli belə aksiyaların əhəmiyyəti yoxdur. Almaniya televiziyalarından heç kim yox idi. “AzTV” və bir-iki Türkiyə televiziya kanalını dəvət etmişdilər. Mən Diaspora Komitəsindən də xahiş etmişdim ki, mütləq bukletlər hazırlanmalı və paylanılmalıdır. Eyni zamanda Avropa Parlamentində rəsmi görüşlər keçirilməli idi. Parlamnt sədri və üzvlərinə qısa metrajlı filmlər təqdim olunmalı idi. Xocalı ilə bağlı bir neçə dildə filmlər hazırlanmalı və Avropada yaşayan fəallara verilməlidi idi. Həmin fəallar filmləri Almaniya və Avropanın digər televiziyalarında nümayişini həyata keçirməli idilər. Ermənilər qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirməyə bir ay qalmış bütün Avropa televiziyalarında həmin tədbirlərin təbliğatı ilə məşğul olurlar. Nə qədər ki, bu cür ictimaiətə təsir edəcək bir şeylər yoxdur, belə tədirlərin bir əməhiyyəti olmayacaq. Bununla bağlı dövlət proqramı olmalı, komitə sədri Fuad Muradov isə, yalnız işlərə nəzarət etməlidir”.

Ə.Əliyev deyir ki, bu tip tədbirlər siyasiləşməli deyil: “Görünür Diaspora Komitəsi tənqiddən nəticə çıxarmışdı. Nə indiki prezident İlham Əliyevin, nə də keçmiş prezident Heydər Əliyevin fotoları qaldırıldı, şənlərinə tərfi oxundu. Siyasi mənsubiyyətindən aslı olamayaraq hər kəs bu tədbirlərə qatılmalıdır. Diaspora Komitəsi də bu cür tədbirlərə siyasi don geyindirmək ənənəsini tarixin arxivinə göndərməlidir. Tədbirin ən böyük uğuru elə bu idi. Əminəm ki, bu bundan sonra da davam edəcək”.


Fikrət Hüseynli: “… ənənədən kənara çıxmaq istəmirlər”


Niderlandın Haaqa şəhərində, Ermənistan səfirliyinin önündə keçirilən aksiyanın təşkilatçılarından biri, jurnalist Fikrət Hüseynli əvvəlcə Brüssel aksiyası ilə bağlı danışdı: “Onu deyə bilərəm ki, kütləvilik yaxşı idi. Bu da Diaspora Komitəsinin maliyyəsi ilə insanların gediş-dönüşü üçün nəqliyyatın təşkil olunmasıyla bağlı idi. Eyni zamanda Avropada azərbaycanlılar arasında belə bir hal dəb alıb ki, harda Azərbaycandan gələn səlahiyyətli varsa, çalışırlar orada olub, vəzifəli şəxsə özlərini göstərsinlər. Yəni, belə toplantıda ənənəvi olaraq iştirak edənlərin bir çoxu bunun üçün tədbirlərə qatılır. Toplantını mən “Facebook”da canlı izlədim. Müxtəlif dillərdə gənclərin çıxışları da yaxşı təşkil olunmuşdu. Çatışmayan o idi ki, qeyri-iş günü Brüsseldə Lüksemburq meydanında keçirilən aksiya yalnız özü çalıb, özü oynamağa bənzəyir. Çünki həmin yerdə əsasən Avropa institututları yerləşir. Onlar da şənbə-bazar çalışmır. Əgər adamlar Xocalı olaylarına ədalətli baxış istəyirlərsə, o halda iş günü bu aksiya keçirilməli idi. Yürüş olmalıydı. Avropa Birliyi, Avropa Parlamentinin nümayəndələri ilə görüşlər keçirilməli idi. Amma bunlar olmadı. Yenə özləri deyib, özləri eşitdilər. Ola bilər ki, ənənəvi olaraq bunları oxuyub “Siz təşkil edin” desinlər. Axı bizim əlimizdə dövlətin verdiyi imkanlar yoxdu. O imkanlar olsa, təşkil edərik görərlər ki, necə edirik. Amma onlar bunu etmirlər və ənənədən də kənara çıxmaq istəmirlər. Ənəndən kənar çıxmaq üçün Avropadakı diaspora təşkilatları gərək ciddi çalışsınlar. Ard-arda məktublar yazsınlar, israrla Avropa dövlət təşkilatları ilə görüşlər keçirsinlər. Onları inandırsınlar. Təbii ki, onları da inandırmaq çətindir. Çünki Avropa təşkilatları da Azərbaycandakı media və insan haqlarının durumunu soruşacaq. Buna da veriləcək cavab yoxdur. Ümumiyyətlə isə, məhz əsas toplantılar 26 fevral günü keçirilməlidir. Ermənistan səfirlikləri önündə aksiyalar olmalıdır. Necə ki, biz elədik və etirazımızı bildirdik.

26 fevral Haaqa (Den Haag) şəhərində keçirilən aksiyada Diaspora Komitəsindən, səfirlikdən heç kəs yox idi deyə vur-tut 10 nəfər siyasi fəal iştirak edirdi. Aksiya xeyli əvvəl elan edilmişdi. Diaspora təşkilatçıları bu imkandan yararlanıb ora gələ bilərdilər. Təkcə Haaqa və ətrafında 10-dan çox Azərbaycan və Türkiyə diaspora təşkilatları var. Hətta təqdim olunana görə orda həftə sonları Azərbaycan məktəbi də fəaliyyət göstərir. Lakin gördüyünüz kimi, vur-tut 10 siyasi fəal var idi. Lakin bizim aksiya Brüsseldəkindən daha effektli oldu. Çünki iş günü və Ermənistan səfirliyinin önündə Xocalı faciəsini andıq. İki saata yaxın aksiya keçirdik. Bu həm də bizi davamlı olaraq Azərbaycan hakimiyyətinə qarşı vuruşmaqda, erməni dəyirmanına su tökməkdə günahlandıranlara cavab idi. Göründüyü kimi, biz gedib erməninin dəyirmanının suyunu kəsdik, 2 saatlıq da olsa. Bəs diasporaçılar nə etdi? Heç nə. Qeyri-iş günü toplaşıb, video çəkib, hesabat verib işlərini bitirdilər. İndi də Novruz bayramına hazırlaşırlar”.