Mübariz Aslanov
Mübariz Aslanov


AzEuroNews.com ➤ “Avropada mövqeyindən, görüşündən aslı olmayaraq həmvətənlərimiz Xocalı üçün həmrəylik mitinqinə qatılmışdılar. Mitinqdə səslənən fikirlər, şüarlar və insanların əhval-ruhiyyəsindən Avropadakı diaspor təşkilatları bir stimul aldılar”. Bunu AzEuroNews.com-a açıqlamasında Brüssel və Berlində Xocalı soyqırımı ilə bağlı keçirilən mitinqlərin həm iştirakçısı, həm də bir jurnalist kimi müşahidəçisi olan Mübariz Aslanov deyib.

Onun sözlərinə görə, Avropanın mərkəzi hesab olunan Brüsseldə belə bir mitinqin təşkili azərbaycanlıların həmrəyliyidir: “Uzun zamandır biz həmvətənlərimizin belə bir mövzu ətrafında bir araya gəlməsinin arzusunda idik. Əvvəllər də azərbaycanlılar Qarabağ həqiqətləri ilə bağlı aksiyalar və müxtəlif tədbirlər keçirmişdi. Lakin 20-dən çox ölkədən gələn azərbaycanlıların Xocalıya görə Brüsseldə toplanması ilk dəfə baş verirdi. Bu böyük hadisə idi. Mitinq uğurla keçdi, demək olar ki, hədəfə çatıldı. Yerli ictimaiətin çox ciddi diqqətini çəkdi. Avropada müxtəlif siyasi görüşə sahib həmvətənlərimiz Xocalı üçün meydanı doldurmuşdu. Mitinqdə səslənən fikirlər, şüarlar və insanların əhval-ruhiyyəsindən Avropadakı diaspor təşkilatları bir stimul aldılar. Mən bir jurnalist kimi, mitinq təşkilatçıları ilə bərabər iştirakçılarla da söhbət etdim. Və belə başa düşdüm ki, onlar öz yaşadıqları ölkələrə qayıtdıqdan sonra bu yöndə yeni işlərə start verəcəklər. Mitinq onlarda böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdu. Təbii ki, bu hər bir azərbaycanlı üçün  sevindiricidir. Hesab edirəm ki, son aylar Azərbaycan Diasporası, xüsusilə Avropadakı diaspora aktiv yeni bir mərhələyə keçib. Və bu mitinqi də həmin mərhələdə bir stimul, bir sıçrayış kimi hesab etmək olar”.