Foto © pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniya əmək bazarının xaricdən ixtisaslı mütəxəssislərin cəlb olunması ehtiyacı hər gün artmaqda davam edir. Bu ehtiyacların təmin olunması üçün Berlində əmək miqrantlarının qəbulu üçün xüsusi idarə açılıb (Landesamt Fur Einwanderung, LfE). Bu barədə AzEuroNews.com-a Almaniya fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, paytaxt senatı rəhbərliyinin məlumatına görə, belə bir strukturun yaradılması Almaniya üçün inqilabi bir hadisədir. Belə ki, Berlin əməkçi miqrantları qəbul edəcək ilk müstəqil immiqrasiya orqanı açan federal ərazi oldu.
Federal ərazinin Daxili İşlər və İdman üzrə senatoru Andreas Geisel bildirib ki, Berlinin əsasən iqtisadi səbəblər və daxili əmək bazarının inkişaf etdirilməsi üçün ixtisaslı əməkçi miqrantlara ciddi ehtiyacı var. “Yaşlılara qayğı, qulluq göstərmə sahəsində ehtiyacların təmin olunması, həm də müxtəlif sahələr üzrə ixtisaslı fəhlələrə olan ehtiyacların təmin olunması immiqrantlar olmadan mümkün deyil“, – senator Geisel dpa-ya bildirirb.

Xatırladaq ki, təxminən yarım ay əvvəl Bertelsmann Fondunun (Bertelsmann-Stiftung) Almaniyanın məşğulluq bazarının vəziyyəti haqqında araşdırmasının təfərrüatları məlum olmuşdu. Həmin hesabatın müəllifləri də Almaniyaya xarici işçi qüvvəsinin gətirilməsini tövsiyə etmişdilər. Eyni zamanda bildirmişdilər ki, Almaniya optimal olaraq ildə bir milyona yaxın əməkçi miqrant qəbul etməlidir. 
Hal-hazırda, xarici mütəxəssislərin Almaniyaya işə cəlb olunmasına dair məsələlərə Federal Xarici İşlər Nazirliyi (Auswartiges Amt, AA) baxır. Bundan sonra isə bu fəaliyyət LfE tərəfindən həyata keçiriləcək. Bu da müraciətlərə daha qısa müddətdə baxılmasına şərait yaradacaq.

Yeni idarənin tam fəaliyyət istiqamətləri bu yaxınlarda açıqlanacaq və digər federal ərazilərdə də eyni adlı idarələr yaranacaq. Gözləntiyə görə Berlində bu təşkilatda 400 nəfər işləyəcək və onların bir hissəsi Xarici İşlər Nazirliyindən köçürüləcək.

Bildiyiniz kimi, əmək miqrasiyası haqqında qanuna görə xarici işçilərin qəbulu zamanı ilk üstünlük qaçqın statusu üçün müraciəti rədd edilmiş və hazırda işləyən şəxslərə veriləcək.