Fərhad Çağtürk / AzEuroNews.com ➤ Avstriyada bu gündən “Bozqurd” işarətinin qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minib. AzEuroNews.com xəbər verir ki, Avstriyada “İrqçilik və siyasi islam”la mübarizə üçün qəbul edilən qanuna əməl etməyənləri 4 min avro pul cəriməsi və ya bir aya qədər həbs cəzası gözləyir. 

“Simvol qadağası” qanununda təkcə “Bozqurd” işarəti yox, eyni zamanda Misirdəki Müsəlman Qardaşlara aid “Rabia”, Hizbullah, Həmas və PKK terror təşkilatına aid simvollar və işarətlərin qadağan edilməsi də yazılıb.

Qanunda vurğulanır ki, qadağanın təkrar edilməsinə görə 10 min avro pul cəriməsi, 6 ay isə həbs cəzası nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, ”Bozqurd” işarəti, salamlaşması (çeçelə barmaqlarının irəli uzatmalı və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzübəri gələn türk simvoludur. 1990-cı illərə qədər Türkiyədə bu işarət olmayıb. Xalq Cəbhəsi hakimiyyəti zamanında Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya gələn Alparslan Türkeş Azərbaycan bozqurdlarının onu bu işarətlə salamlayarkən maraqlanıb. İşarətin mənasını soruşanda onun “Bozqurd” simvolu olduğunu İsgəndər Həmidov izah edib. Türkeşə çox böyük təsir bağışlayıb və Türkiyəyə döndükdən sonra “Bozqurd” işarətinin yayılmasını tapşırıb.