Bu gün İspaniya La Liqasının XXVI turunda əzəli rəqiblər – “Barselona” və “Real Madrid” komandaları qarşılaşacaq.

“Report”un məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüş sayca 242-ci olacaq.

Kataloniya klubu hazırda turnir cədvəlində 57 xalla liderdir və ən yaxın izləyicisi “Atletiko”nu 7 xal qabaqlayır.

Santyaqo Solarinin rəhbərlik etdiyi “Real Madrid” isə XXV turdan sonra 47 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. “Kral klubu”nun heyətində Naço Fernandes “Jirona” ilə matçda qırmızı vərəqə aldığına görə bu görüşdə iştirak etməyəcək. Həftəiçi “Barselona” ilə İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə sağ dizindən zərbə alan Rafael Varanın isə bugünkü matçda iştirakı sual altındadır. Əvəzində “Barselona”da cəzalı və zədəli futbolçu yoxdur.

Bakı vaxtı ilə saat 23:45-də başlanacaq “El Klasiko”nu Undiano Malyenko idarə edəcək. 1916-cı ildən əzəli rəqiblər arasında 241 rəsmi oyun keçirilib. Hər iki komanda bu qarşılaşmalarda 95 dəfə qələbə qazanıb, 51 matçda qalib müəyyənləşməyib. Topların nisbəti isə Madrid təmsilçisinin xeyrinədir – 403:398.

“Barselona” La Liqanın 10-cu turundakı matçda rəqibini böyük hesabla məğlub edib – 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv “Real Madrid”i İspaniya Kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb. 

İspaniya La Liqası 

XXVI tur

23:45. “Real Madrid” – “Barselona” 

Madrid.Santyaqo BernabeuM