Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Bir həftə öncə BAMF (Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə) müxtəlif səbəblərdən deportasiyası mümkün olmayan əcnəbilərin sayı barədə narahatçılığa səbəb olan məlumat yaymışdı. Həmin məlumatdan sonra federal hökumət miqrasiya idarəsinin fəaliyyətini tənzimləyən normaları yenidən nəzərdən keçirməyə başlayıb. Hakimiyyət ilk növbədə deportasiyanın təxirə salınmasına səbəb olan əsaslara, o cümlədən, bu səbəblərdən biri hesab edilən “digər səbəblər” kateqoriyası anlayışına aydınlıq gətirməyi planlaşdırır.

Bu barədə AzEuroNews.com-a Almaniya. fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, BAMF-ın bir həftə əvvəl açıqladığı hesabatda 2018-ci il ərzində 180 min miqrantın qanuni möhlət hüququ alması səbəbindən deportasiya edilə bilmədiyi göstərilmişdi. Bu rəqəm deportasiyası təxirə salınan və möhlət hüququ verilən miqrantların təxminən 75% -ni təşkil edir. Bununla yanaşı, möhlət hüququ verildiyi üçün deportasiya olunmayanların təxminən 70 min nəfərinə “digər səbəblər”lə bağlı qalmaq üçün möhlət verilib. Bu isə o deməkdir ki, 70 min nəfərin ölkədə qalma səbəbi dəqiq göstərilməyib. Yalnız indi hakimiyyət orqanları bu sənədlərin verilməsi prosesinə baxılması qaydalarının genişləndirilməsi qərarını verib.

„Bild am Sonntag“ nəşrinin məlumatına görə, yeni qaydaların hazırlanması prosesinin önümüzdəki bir neçə həftə içində başa çatdırılması planlaşdırılır. Bunun üçün BAMF rəhbərliyi ölkə üzrə 600 şöbənin nümayəndələri ilə iş görüşləri keçirəcək. Bu görüşlərdə möhlət hüququnun verilməsi üçün əsas olan meyarlar müəyyənləşdiriləcək. Ən əsası isə “digər şəxslər” kateqoriyasının da şərtləri dəqiqləşdiriləcək. Yeni qaydaların hazırlanması və tamamlanması 2019-cu ilin sonuna kimi çəkəcək. 

Hökumət təmsilçilərinin açıqlamasına görə, hələ 2017-ci ildə deportasiyası təxirə salınanların təxminən hər beşindən birinin əsassız olduğu bilinirdi. O vaxtdan bəri Daxili İşlər Nazirliyinin mütəxəssisləri BAMF –ın aparıcı mütəxəssislərinə bu əsaslara yenidən baxılması haqqında müraciət edirlər. Təklif olunan yeniliklərdən biri də əvvəllər də məlumat verdiyimiz kimi status alan və sənədləri rəsmən qəbul edilən qaçqınların vəziyyətinin yoxlanılması müddətidir. Bu müddət hazırda üç ildir. Ancaq BAMF məsələ qaldırıb ki, “işçilərin həddən artıq yüklənməməsi” üçün bu müddəti 4 ildən 5 ilədək uzatsınlar. Ancaq bu qayda bütün status alanlara deyil, yalnız miqrasiya böhranının ən kəskin dövründə – 2015-ci ildən 2017-ci ilə qədər Almaniyaya gələn əcnəbilərə tətbiq ediləcək. Federal Daxili İşlər Nazirliyi (BMI) artıq digər nazirliklərə bu qərarın layihəsini razılaşma üçün göndərib.