Yunis Cəfərov / AzEuroNews.com ➤  Bərdə mal bazarında əvvəlki qələbəlik yoxdur. Həm satıcılar, həm də alıcılara görə bunun müxtəlif səbəbləri var. Amma ən çox eşitdiyimiz “Camaatda pul yoxdur” oldu. 

Alıcılardan qiymətlərin süni olaraq qaldırıldığını düşünənlər də var. Bəziləri isə deyir ki, əvvəllər bazara sadə camaat özünün bəsləyib böyütdüyü heyvanı gətirirdi. İndi vəziyyət dəyişib. Bazarda məmurlara məxsus fermalardan gətirilən heyvanlar üstünlük təşkil edir. Bazarlıq etmək olmur, dediklərindən dönmürlər, süni olaraq qiyməti qaldırırlar.

 

Polis əlində dana şəkli ilə gəzir

Mal bazarının daimi müştəriləri olan qəssablar deyir ki, son illər oğuruq malların bazara ayaq açması onların da işini çətinləşdirib. Zərdabdan gələn qəssab Malik deyir ki, bir o qalıb ki, satıcıdan heyvanın fotosessiyasını istəyək: “Bizi də qınamasınlar. O qədər oğurluq mala görə polis şöbələrinə çağrılmışıq ki… Məsələn, dünən Ağcabədidən bir nəfər dana satan var idi. Malı düz mağazamın qabağına gətirmişdi. Nəsə ehtiyyat etdim, almadım. İndi o qədər yolu qət edib gəlmişəm bazara. Amma görürsən ki, burda da çox vaxt oğurluq mallar olur“.

Yevlax sakini Mübariz Məmmədov deyir ki, bazarda əlində heyvan şəkli olan polislərə də rast gəlmək olur: “Polislər oğurluq malları axtarırlar. Keçən dəfə burda bir nəfəri saxladılar. Bazara oğurluq inək gətirmişdi. Açığı bu vəziyyət bizi də narahat edir. Alıb aprırsan, bir də görürsən səhəri gün malın yiyəsi polislə gəlir qapına“. 

Gömrük əngəli 

Bazarda Rusiya və Gürcüstandan gətirilən cins heyvanlara da rast gəlmək olur. Satıcılar deyir ki, gömrük rüsumlarından əlavə ödədikləri rüşvətə görə malı baha satmaq məcburiyyətində qalırlar. Nəticədə bu alıcıları məmnun etmir, heyvanları aylarla əllərinə qalır. Bu barədə 10 ildən çoxdur Bərdə bazarında heyvan satan Xanəli danışır: “Bir balaca danaya rüsum olaraq 70-80 dollar alırlar. Hələ mən bizdən əlavə olaraq alınan rüşvətləri demirəm. Camaatda da pul yoxdur. Elə bil həftədə bir dəfə heyvanları gəzməyə gətiririk. Ortada heç nə yoxdur“.

Bir az da qiymətlər barədə…

Bazarda Rusiya və Gürcüstandan gətirilən buzovlar 300 manatdan, arıq dananın ətinin kilosu 13-15 manatdan, kök dananın ətinin  kilosu 9 manatdan satılır. İki min manatdan baha dana və yanıbalalı inəyə də rast gəlmək olur. Məsələn, gündə 13-15 litr süd verən inəklər 2600 manatdan başlayan qiymətlərlə satılır. 

Satıcı Yavər deyir ki, qiymətlərin baha olması onlardan aslı deyil: “Başa düşürük qiymət bahadır, alıcılıq yoxdur. 5-6 il əvvəl hər gün Bakıya 10-15 dana kəsib göndərirdim. Şadlıq evlərindən hər gün sifariş alırdım. İndi vəziyyət dəyişib. Bakıdan sifariş gəlmir. Bərdə mal bazarı qonşu Zərdab, Ağcabədi, Yevlax kimi rayonlar üçün işləyir. Bununla dördüncü dəfədir ki, bir buzov belə satmadan geri qayıdıram. Hər dəfə heyvanları yük maşını ilə bazara çıxarmaq da ucuz başa gəlmir bizə“.