Yunis Cəfərov/AzEuroNews.com /Bakı  ➤  Füzuli rayon icra başçısının I müavini Bağır Aslanov barəsində iddialar yayılıb. Azeuronews.com-a verilən məlumatda deyilir ki, uzun illərdir bu vəzifədə işləyən B.Aslanov subsidiyaları mənimsəməklə məşğuldur. Füzuli İH başçısının müavini prezident tərəfindən rayon abadlıq-quruculuq işlərinin aparılmasına, yolların çəkilməsinə, melorasiya tədbirlərinin görülməsi üçün ayrılan pulların xərclənməsinə aid nəzarət komissiyasının sədri olduğu üçün külli miqdarda vəsait mənimsəyə bilib. O, topladığı pulların bir hissəsini rayonda şəxsi işlərinə yatırıb.

Bala Bəhmənli oğlunun adını daşıyan “Elmin” şadlıq sarayı, “Mandarin” supermarketi, “Baytarlıq” apteki, yem mağazası, “Qaraquzey” restoranı, eyniadlı oteli və yanacaqdoldurma məntəqəsi var. Onun bütün bunlarla yanaşı Bakı şəhərində 9-cu mikrorayonda 5 mənzili var. Bağır Aslanov qardaşı oğlu Aslanov Elvin Aslan oğlunun adına 1000 hektar torpaq sahəsi götürüb buğda əkir. Burada da o, maxinasiya ilə məşğul olmaqda ittiham edilib. O, 2017-ci ilin payızında əkdiyi 985 hektar buğda sahəsinə 2018-ci ilin aprel ayının 4-də qeydiyyat №-si 283 olan guya toxumçuluq təsərrüfatı yaradıb. O, qardaşı oğlu Elvin Aslanovun adına 2018-ci ildə rayonun Kürdmahmudlu kənd sakini kimi 88650.00 manat buğda əkini üçün və rayonun Bala Bəhmənli kənd sakini kimi isə 58800.00 manat buğda toxumu istehsalı adı ilə dövlətdən subsidiyalar alıb. Görəsən onlar buğda toxumunu kimə satmışdı? Əlbəttə heç kimə, sadəcə olaraq rayonun bütün vətəndaşlarının şəxsiyyət vəsiqəsinin surəti axı Bağır Aslanovdadır. Çox maraqlıdır, Bağır Aslanovun 1000 (bir min) hektar əkin sahəsi nə Kürdmahmudlu kəndinin, nə də ki, Bala Bəhmənli kəndinin ərazisinə aid deyil. Əgər bütün bunlarla kənd təsərrüfatı naziri İnam Kərimov maraqlansa, yəqin ki, bu işin içindən kimin “çıxacağını” biləcək.

Qarşı tərəfi dinləməyə hazırıq.