“Barselona”nın hücumçusu Lionel Messi qarşıda duran yoldaşlıq oyunları üçün Argentinanın futbol üzrə yığma komandasınının heyətinə daxil olunub.

Trend-in məlumatına görə, bunu ölkənin Futbol Assosiasiyasının mətbuat xidməti bildirib.

31 yaşlı forvard Rusiyada 2018-ci ildə keçirilən Dünya Çempionatından sonra yığmaya ilk dəfə çağırılıb. 2018-ci ilin iyul ayından argentinalılar 6 yoldaşlıq oyunu keçirib, Messi onların heç birində iştirak etməyib.

Qeyd edək ki, Argentina yığması martın 22-də öz meydanında Venesuela komandası, 26-da isə Mərakeş yığması ilə qarşılaşacaq.