Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın Şimali Reyn Vestfaliya (NRW) əyalətinin höküməti bu ərazidə beş ildən artıq möhlət hüququ ilə yaşayan şəxslərə əvvəlcə müvəqqəti status, sonra isə daimi yaşayış hüququ almaq üçün imkan yaratmaq istəyir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

“Çox yaxşı inteqrasiya olunmuş, iqtisadi cəhətdən zərərli olmayan şəxslərə daimi yaşamaq hüququ verilməlidir”, – deyə əyalətin Miqrasiya və Qaçqınlar üzrə nazıri Joachim Stamp “Kölner Stadt-Anzeiger” nəşrinə bildirib. NRW-də hazırda ölkəni tərk etməli olan 71133 əcnəbi yaşayır. Onlardan 55746 nəfəri möhlət hüququ əsasında Almaniyada qalır. Möhlət hüququ ilə yaşayanlardan isə 10 min nəfərdən çoxu səkkiz ildən artıqdır ki, Almaniyadadır. 

Joachim Stamp
Joachim Stamp / Foto © Facebook

Stamp, hesab edir ki, artıq bu sahədə mövcud problemlər həll olunmalıdır: “Üç il Almaniyada yaşayan, əmək bazarına uyğunlaşan, alman dilini öyrənən, cinayət törətməyən şəxslərə əvvəl yaşamaq hüququ daha sonra isə vətəndaşlıq verilməlidir”.

Məlumat üçün qeyd edək ki, hazırda Almaniyada möhlət hüququ ilə yaşayan azərbaycanlıların sayı minlərlədir. Həmvətənlərimizin çoxu da Şimali Reyn Vestfaliya əyalətində məskunlaşıblar. Belə bir qərar qəbul edilsə, möhlət hüququ ilə yaşayan azərbaycanlılar bundan faydalana biləcəklər.