Ötən gün ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını dərc edib. Siyahıya Azərbaycan da daxil edilib.

Oxu.Az məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında deyib ki, əhaliyə verilən içməli suyun heç bir təhlükəsi yoxdur:

“Bizim əhaliyə verdiyimiz su standartlara tam uyğundur və içməyə yararlıdır”

Daha əvvəl isə ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında da araşdırmalar aparıldığına dair məlumat yayılmışdı.

Nəticələrə görə isə içməli suyun tərkibində olan bütün göstəricilər norma daxilində və təhlükəsizdir.

Qeyd edək ki, dünya mətbuatında yayımlanan araşdırma nəticələrində Estoniya istisna olmaqla, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələrində kran suyunun çirkliliyi göstərilməyib, sadəcə bu suların içməli olmadığı qeyd edilib.