Ukrayna Təhlükəsizlik Xidməti “Dato Ağcabədinski” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Cavid Məmmədovu növbəti dəfə ölkədən deportasiya edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı qanuni oğru Ukrayna ərazisinə cinayətkar qruplaşmalardan birinin fəaliyyətini koordinasiya etmək, eləcə də qanuni və kölgə biznesinin xüsusi sahələrinə nəzarəti bərpa etmək üçün keçib. O həmçinin, pul axınının yenidən paylaşdırılmasına nəzarəti, o cümlədən cənub regionunun aqrar sənaye kompleksi müəssisələrinə “sayğac qoymağ”ı planlaşdırıb.

Qeyd edək ki, azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) rəqibi kimi tanınan “Dato” bundan əvvəl də 3 dəfə Ukraynadan deportasiya olunub. Sonuncu dəfə o, martın əvvəlində Bolqradda tutularaq ölkəyə qanunsuz daxil olduğuna və  tranzit gediş qaydalarını pozduğuna görə Ukraynadan çıxarılmışdı.