Fərhad Çağtürk / AzEuroNews.com ➤İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın dünəni, bu günü və sabahı” adlı konfrans təşkil edilib. AzEuroNews.com xəbər verir ki, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu və hazırki başqanı Rəşid Həsən Mustafazadə dünyanın dörd bir yanına səpələnmiş türkdilli xalqların problemlərini xüsusən, gənclər arasında gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Ardından İstanbul Universitetinin müəllimləri Halim Kazan və Ömer Kulun mövzu ilə bağlı çıxışları dinlənilib. İsveçdən gələn Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin İranda yaşayan azərbaycanlıların hüquqları, hazırkı durumu və ümumillikdə bölgədə gedən proseslərə diqqət çəkib. O, Cənubi Azərbaycanda öz hüquqları uğrunda mübarizə aparan soydaşlarımızın qarşılaşdıqları çətinliklərdən söz açıb. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli ümumi olaraq Azərbaycanın dövlətçilik tarixi və Cənubi Azərbaycanda tarixən mövcud olmuş dövlətlər haqqında geniş məlumatlar verib. Tarixçi alim Cənubi Azərbaycanın bütövlükdə türk dünyası üçün olan önəmini dilə gətirib. Konfrans iştirakçıların sualları ilə davam edib. Sonda əsas çıxışçılara təşəkkür plaketləri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Məlumat üçün bildirək ki, İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir. Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.